top of page

Anar Mustafayev Ukraynadakı AIESEC təcrübəsini bizlərlə bölüşür:

  • Azad Aliyev
  • 28 Mar 2021
  • 4 dakikada okunur

Güncelleme tarihi: 1 Nis 2021

Salam. Mən Anar Mustafayev, 23 yaşım var, 2018-ci ildə Ukraynada baş tutmuş Qlobal Könüllülük proqramında iştirak etmişəm. Həmçinin, qeyd edim ki, bu proqram BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin dördüncüsü, “Keyfiyyətli Təhsil” əsasında yaradılmışdır. Daha sonra bir ildən artıq müddət ərzində AIESEC-də üzv olmuşam. ADA universiteti məzunuyam və hal-hazırda işləyirəm. Bu gün öz təcrübələrimə əsasən sizlərə layihə haqqında maraqlı gələn sualları cavablandıracam.





AIESEC ilə ilk tanışlığınız necə başladı ?

Əslində bu suala çox maraqlı cavabım var. Birinci dəfə 2016-cı ildə AIESEC haqqında eşitmişəm. Həmin ərəfədə mən daha  yeni məktəbi bitirmişdim və AIESEC sözün ilk dəfə facebook-da görmüşdüm. Həmin vaxt AIESEC-də  LCVP  oGV  ( Local Committee Vice  President  of Outgoing  Global  Volunteer)  olan Sevda Hacıyeva adlı bir dostum var idi. Bir gün dostumla bulvarda gəzdiyim zaman orada mən xarici bayraqlar gördüm, onların üzərində AIESEC yazılmışdı. Həmin an mən AIESEC haqqında əvvəlcədən də  eşitdiyimi xatırladım. Ondan  sonra  başladım  bu  haqda  maraqlanmağa  ki,  AIESEC  nədir?  Sonda  onlar  mənə  AIESEC barədə məlumat verdilər və beləcə mən AIESEC ilə tanış oldum.


İlk dəfə Qlobal Könüllülük proqramına necə müraciət etdiniz ?

Universitetə yenicə qəbul olduğum zamanlar AIESEC-də könüllülük proqramına qatılmaq barədə düşünürdüm. Ancaq, ADA universitetində də xaricə getmək üçün fərqli proqramlar olduğu üçün AIESEC marağımı çox cəlb etmirdi, amma sonda könüllülük proqramına qatılmağımda ən böyük motivasiyam elə ADA universitetinin özü oldu. Müşahidə etdim ki, qrup yoldaşlarım AIESEC vasitəsilə müxtəlif ölkələrə gedirlər və mən də qərara aldım ki, artıq AIESEC-də könüllülük proqramına qatılmağımın zamanıdır. Valideyinlərimin ilk vaxtlar narazı olmağına baxmayaraq mən onları razı salmağı bacardım və beləliklə AIESEC-ə ilk müraciətimdən qəbul olundum.


Nəyə görə məhz Ukraynanın Lvov şəhəri ?

Ukraynanı seçməyimin bir çox səbəbi var. İlk olaraq, Ukraynanın mədəniyyətini çox bəyənirdim və istədim ki, həmin ölkənin mədəniyyətini, adət-ənənələrini, həmçinin, insanlarını daha yaxından tanıyım.

Əksər insanlar məndən soruşurdular ki , “Niyə başqa şəhərə getmirsən?”. Məncə Lvov şəhəri daha gözəldir həmçinin, əsl Ukrayna mədəniyyətini görə biləcəyim bir şəhər idi. Digər səbəb isə, Ukrayna ilə Azərbaycanın məsafə cəhətdən yaxın olmağı idi. Lvova getdiyim zaman mən Ukrayna dilini səlis danışa bilirdim. Bu mənim üçün böyük avantaj idi çünki, bilirdim ki, kömək lazım olsa, insanlarla əlaqə yarada biləcəm. Sırf bu səbəblərə görə mən Ukraynanın Lvov şəhərini seçdim.



İş mühiti ilə bağlı təəssüratlarınız haqqında nə söyləyə bilərsiniz ?

Mən Ukraynaya getmək üçün “Keyfiyyətli Təhsil” layihəsini seçmişdim. Çünki, həmin layihə daha çox kənd bölgələrindəki yoxsul ailələr ilə bağlı idi. İlk olaraq bunu qeyd edim ki, hər həftədən bir iş yerimizi dəyişirdik. Mən ümumilikdə dörd məktəbdə işlədim. Bundan əlavə, mənim müxtəlif kəndlərdəki düşərgələrdə işləmək kimi məqsədim də var idi. Buna görə də həmin layihəyə, əsasən, Lvovun müxtəlif kəndlərində hər düşərgədə iki həftə müddətində işlədim. Həmin zamanlarda bu kəndlərdə qarşılaşa biləcəyim tək çətinlik dil idi. İngilis dili həmin ölkədə çox geniş yayılmadığı üçün rus və ya ukrayna dillərini bilmək adama əlavə kömək olurdu.


Qonaqlama necə idi ?

İlk olaraq onu qeyd etmək istərdim ki, AIESEC sizə qonaqlama üçün hostel və ya host family (qonaq ailə) təklif edir. Hansı sizə daha uyğun gələrsə, onu seçə bilərsiniz. Həm hostel, həm də host family-nin bəzi çətinlikləri və üstünlükləri var. Mən hosteldə qalmağı istəmişdim. Çünki, hər bir gənc kimi mən də bəzən gecələr şəhərə çıxırdım, hətta bəzən elə olurdu ki, uşaqlarla əyləncəyə və ya gəzintiyə başımız qarışırdı və vaxtın necə keçdiyini bilmirdik, beləliklə, mən evə gec gəlirdim. Məhz buna görə, host family-nin mənə görə bəzi mənfi cəhətləri var idi. Belə ki, mən adət-ənənələrimizə əsaslanan bir ailədə böyümüşəm və başqasının evində qalarkən evə gec gəlməyi və ya dostlarımı həmin evə dəvət etməyi düzgün görmürdüm. Bu səbəblərə görə hosteldə qalmağı seçdim və burada maraqlı vaxt keçirtdim. Bundan əlavə, Azərbaycandan gəldiyim üçündə çox yaxşı qarşılanıb xüsusi hörmət görürdüm. Məsələn, mən müsəlman olduğum üçün yeməklərdə donuz əti olduğu zaman mənə bildirirdilər. Həmçinin, orada bir çox azərbaycanlı ilə də qarşılaşdım və qarşılanma ilə əlaqədar isti münasibət gördüm.


Layihədən kənar fəaliyyətləriniz nələr idi ?

Mən bir neçə məktəbdə işləyirdim. Yəni, mən işə başlayanda 3 lahiyə var idi və bu lahiyələrdə hamımız bir-birimizi tanıyırdıq. Bu lahiyədə işlədiyim müddətdə evə gedib komputer arxasında bütün günümü keçirtmirdim. Belə ki, lahiyədə işlərimi bitirdikdən sonra vaxtımı daha əlverişli keçirmək üçün dostlarımla görüşürdüm.

Yəni, işlərimi bitirdikdən sonra 2-3 saat vaxtımın olduğunu görürdüm, beləliklə, əyləncəli və yaddaqalan vaxt keçirmək üçün dostlarım ilə görüşüb şəhəri gəzməyə çıxırdıq. Əvvəl də qeyd etdiyim kimi Ukraynanın Lvov şəhərini sevirdim və buna görə də Lvovun mədəniyyətini və insanlarını daha yaxşı tanımaq üçün tez- tez şəhəri gəzməyə çıxırdım.




Layihə müddətindəki xərclər nə qədər idi ?

Əslində mən biletlə birlikdə bu lahiyəyə 2000-2500 AZN pul xərclədim. Məncə Avropa ölkəsinə bu qədər xərclə getmək çox uyğun və münasibdir. Həmçinin, qalacağımız yer və gündə 3 dəfə yemək lahiyəyə daxil idi. Ancaq, onu da qeyd etməliyəm ki, mən bu lahiyənin xərcindən də əlavə pul xərcləmişdim. Məsələn, bəzən yeməkləri sevmədiyim vaxt şəhərə çıxıb hər hansı bir kafedə yemək yeyirdim və ya dostlarımla bərabər şəhərə gəzməyə çıxırdım.


Bu təcrübə sizə nə qazandırdı ?

İlk olaraq bir çox ailə kimi mənim də ailəm xaricə tək getməyimə icazə vermirdi, ancaq sonradan buna icazə verdilər. Mən ilk dəfə idi ki, xaricə tək gedəcəkdim və orada 6 həftə qalacaqdım. Bu lahiyə sayəsində özümə rahat olan sahəmdən çıxıb mənə yad olan bir şəhərə getdim və bu lahiyə sayəsində bir çox təcrübə qazandım. Birincisi, bu lahiyədə bir çox insanla tanış oldum və hələ də onlarla dostluq əlaqəm var. Sonra mən bu lahiyə sayəsində tanımadığım insanların qarşısında danışaraq natiqlik bacarığımı inkişaf etdirdim. Həmçinin, bu müddət ərzində “problem-solving” bacarığımı da daha çox inkişaf etdirdim. Məsələn, bəzən qrup yoldaşlarım dil baxımından problem yaşayanda mən onlara kömək edirdim. Bir sözlə, bir çox liderlik bacarığımı bu lahiyədə həm sınaya bildim, həm də inkişaf etdirdim. Əgər indi kimsə məndən soruşsa ki, “Qlobal Könüllülük” proqramında iştirak etməyə dəyərmi?”, mən deyərdim ki, həqiqətən də dəyər.


Gənclərə tövsiyələriniz:

Gənclərə ilk tövsiyəm odur ki, heç nədən qorxmasınlar. Yeni-yeni macəralar öyrənməyə daim açıq olsunlar.

Problemlər ilə daim üzləşə bilərlər, ancaq narahat olmasınlar. Orada hər kəs problemlər yaşayır, ancaq hamı bir-birinə kömək edir.Bundan əlavə, dil baxımından da narahat olmasınlar çünki, lahiyədə də hər kəs mükəmməl dərəcədə rus dili bilmirdi, ancaq qeyd etdiyim kimi hər kəs bir-birinə kömək edirdi. Bir sözlə, hər kəsə tövsiyə edərdim ki, Qlobal Könüllülük təcrübəsinə mütləq qoşulsunlar. Çünki, bu lahiyələrə qoşularaq həyatında bir çox yaddaqalan təcrübə qazana bilərsən.




Əgər sənin də sualların varsa və daha ətraflı məlumat əldə etmək istəyirsənsə, elə indi aiesec.org saytında qeydiyyatdan keç.





 




 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page