top of page

Bloq da bir incəsənətdir...

  • Azad Aliyev
  • 4 Tem 2021
  • 3 dakikada okunur

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə insanlar gündəlik həyatlarının böyük bir hissəsini texnologiya vasitələrinin bizə bəxş etdiyi sosial media, müəyyən məzmunlu veb-saytlar, axtarış zonalarında keçirirlər. Müasir dövrdə insanlar öz istedad və bacarıqlarını onlayn şəkildə əks etdirməyi üstün tuturlar. Nəzərə alsaq ki, bu onlayn incəsənətin bir çox növü var, elə mükəmməl bloq yazmaq da bu növlərdən biridir. Bloq sadəcə müəyyən fikirləri yazmaq və şəkillər əlavə etmək deyil. Bloq əslində sadəcə başlığı ilə belə oxucunun diqqətini çəkə bilmək, keyfiyyətli və yararlı informasiya ilə insanları təmin etmək, öz dizaynı ilə fərqlilik yaratmaq, bir sözlə desək, onlayn incəsənət nümunəsidir. Ümumiyyətlə, bloq əsasən müəyyən mövzu ətrafında yazılı məzmuna yönəlmiş bir veb-sayt növüdür.



Bloqlar bir neçə addım geridə dayanmağınız və daha böyük mənzərəni görməyiniz üçün əla bir yoldur.

Sual yarana bilər ki, bəs bu qüsursuz və bir o qədər də diqqət, əmək, araşdırma və kreativlik tələb edən bloq necə yazılır? Bu suala, ümumi olaraq, belə bir cavab vermək olar ki, müəyyən dərəcədə vacib olan addımlara riayət etdikdə, öz zövq və xəyal gücünüzü bu prosesə əlavə etdikdə, həmçinin özünəməxsus, maraqlı yazı üslubundan istifadə etdikdə gözəl bir bloqa sahib ola bilərsiniz. Gəlin bəhs etdiyimiz addımlara nəzər yetirək.

§ Mövzu

§ Başlıq

§ Üslub

§ Dizayn

§ Sitatlar





Bloq yazmaqda ilk addım onu yazmaq deyil, oxumaqdır.

İlk öncə mövzu seçiminə baxaq. Şübhəsiz ki, insanlar axtardığı suallara cavab tapmaq üçün bir çox müxtəlif mövzularda bloq oxumaq istəyərlər. Halbuki, bloqun hansı mövzunu əhatə etməsi çox mühümdür. Mövzu müasir dövrdəki problem, istək, tələb və, ən əsası da, maraq dairəsinə cavab verməlidir. Mövzu seçildikdən sonra isə araşdırmalar başlamalıdır. Seçilən mövzu dərindən araşdırılmalı və qeydlər aparılmalıdır. Araşdırmadan dərhal sonra bloqa başlamaq mükəmməl nəticə əldə etməyə mane ola bilər. Buna görə də, ilk öncə araşdırmalar zamanı əldə edilən lazımi informasiyanı qeyd edə, daha sonra isə bu qeydlərdən istifadə edərək baza mətni yazmağa başlaya bilərsiz. Bundan əlavə, uğurlu blog yazmaq üçün hər hansı bir mövzuda mütəxəssis olmağınıza ehtiyac yoxdur. Məsələn: “Qonaq ailə” mövzusu sizdən hər hansı qonaq ailə ilə təcrübəniz olmağını tələb etmir. Bu təcrübəyə sahib bir neçə şəxslə müsahibə və ya bir çox məlumatlandırıcı saytları oxumaq kifayətdir.

Ola bilsin ki, bloq oxunmasın, ancaq bloqun adını hamı oxuyacaqdır. Bloqun adı elə olmalıdır ki, bu bütün bloqun da oxunmasına yol açsın. Əslində, bir neçə növ başlıq yazmaq mümkündür. Bu maraq cəlb edici, spesifik, sual yaradıcı, təəccübləndirici, məlumatlandırıcı, kütləyə xitab edən və hətta müasir dövrdəki "Qara reklam da reklamdır" məntiqi ilə bəzən neqativ xarakter daşıya bilər.

Digər tərəfdən, insanların böyük bir qismi bloq yazmaq üçün həqiqi bir yazıçı olmaq və ya peşəkar yazı bacarıqlarına sahib olmaq lazım olduğunu düşünürlər, lakin bu heç də belə deyildir. Axıcı, rahat anlaşıla bilən, qrammatik qaydalara düzgün riayət edilmiş hər bir üslub bloq üçün məqsədəuyğundur. Əlbəttə ki, xüsusi üslubla yazmaq diqqətçəkicidir, amma hər bir bloq müəyyən dərəcədə rəsmi dildə yazılmalıdır. Həmçinin, mətnin uzunluğu da çox vacib bir amildir. Çox uzun yazı bloqun çox gözəl olduğunu bildirmir. Kəmiyyət deyil, keyfiyyət önəmlidir. İnsanlar, şübhəsiz ki, bloq oxuyarkən ağıllarında yaranan bütün suallara cavab tapmaq istəyirlər, lakin bu demək deyil ki, bloq detallarla dolu və çox uzun olmalıdır. Bu əksinə oxucunu yorur, mətnin marağını azaldır və hətta insanlara bloqu yarıda buraxmağa məcbur edir. Standart bloq 400-800 söz arası olmalıdır. Bəzən daha spesifik bloq yazdıqda söz sayının daha çox olması normaldır. Bu halda isə mövzüya aid əsas detalları qeyd etmək və düzgün keçidlərdən istifadə etmək lazımdır.



Bloqun adı sürpriz qutu kimidir. Paketlənmə nə qədər maraq doğurucu olarsa, bir o qədər tez qutunun açmaq istəyərsən.

Araşdırmalara görə insanların diqqətini gözəl rəsmlər maraqlı yazılardan daha çox çəkir.Təbii ki, bloq sadəcə mətndən ibarət deyil. Necə ki, hər bir bəstəkar öz bəstələdiyi musiqi üçün bu musiqinin ruhunu əks etdirən rəsm olmasını istəyir, yazılan bloq da seçilmiş mövzuya uyğun rəsmlər tələb edir. Bir çox proqram, applikasiya vasitəsi ilə bloqunuzu rahatlıqla dizayn edə bilərsiniz. Mövzuya aid maraqlı şəkillərin istifadəsi, başlıq və altbaşlıqların xüsusi ölçülər, yazı tipində verilməsi bloqun bəyənilməsi və daha çox diqqət mərkəzində olmasına səbəb olacaq.



Sitatsız bloq melodiyasız musiqiyə bənzər. Sözlər nə qədər mənalı olsa belə, siz bunu dinləmək istəmərsiz.

Bir bloqun möhtəşəm olması üçün yalnız bu ünsürlər kifayət deyil, daha çox ünsür var, amma qeyd etdiyimiz elementlər ümumi xarakter daşıyır və çox əhəmiyyətlidir. Yəni heç olmasa başlanğıc bloqu üçün kifayət edəcək elementlərdir. Yerli Komitə Qafqazın Blogging Komandası üçün bloq yazarkən ən mühüm amil bloqu sevgi, həvəs, həyəcanla yazmaq və oxucunun marağını oyadacaq şəkildə fərqli dizayn etməkdir.







 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page