Gender Bərabərliyi
- Azad Aliyev
- 23 Haz 2021
- 4 dakikada okunur
Sustainable Development Goals və ya Dayanıqlı İnkişaf Məqsədləri - Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəddir. Qlobal Məqsədlər olaraq da bilinən Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ildə bütün Birləşmiş Millətlər Təşkilatı Üzv Dövlətləri tərəfindən yoxsulluğa son qoymaq, planetimizi qorumaq və 2030-cu ilədək bütün insanların sülh və firavanlığının təmin edilməsi üçün universal bir fəaliyyət çağırışı olaraq qəbul edilmişdir.

Olduqca sadə, amma iddialı olan bu hədəflərə çatmaq üçün isə hər kəsə ehtiyac var.
Biz isə bu gün Sustainable Development Goals (Dayanıqlı inkişaf məqsədləri) 5 – Gender Bərabərliyi mövzusundan söz açacağıq. İlk öncə Gender Bərabərliyini təmin edəcək bu məqsədin əsas vəzifələri ilə yaxından tanış olaq. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına (qızlar və oğlanların ibtidai təhsilə bərabər çıxış imkanları əldə etməsi daxil olmaqla) baxmayaraq, dünyanın hər yerində qız və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər. Gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Qız və qadınların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığına töhfə verə və ümumilikdə cəmiyyətə və bəşəriyyətə faydalı ola bilər. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsasını təşkil edir. Günümüzlə müqayisədə keçmişdə qadınların daşıdığı sosial statusla kişilərin daşıdığı sosial status arasında nəzərə çarpacaq dərəcədə fərqlər var idi. Gender bərabərsizliyinin ən çox bilinən forması qadınların səsvermə hüququnun necə məhdudlaşdırıldığı və qadağan edildiyidir.

Səs vermək hüququ vətəndaşın fikirlərini təmsil edəcək hökumətin seçilməsinə töhfə verdiyi üçün əsas vasitədir. Vətəndaşların gündəlik həyatına təsir edəcək qərarları hökümət verdiyi üçün bu qərarları kimin verdiyinə dair söz sahibi ola bilmək olduqca vacibdir. Səsvermə hüququ qadınlara kişilərdən daha gec verildi və çox çətin qazanılan döyüşlər sayəsində əldə edildi. Seçki hüququ hərəkatı dinc və qanuni yollarla qadınlar arasında bərabərliyə nail olmağa çalışırdı. İngiltərədə bu hərəkat 1903-cü ildə Qadınların Sosial və Siyasi Birliyini (WSPU) quran Emmeline Pankhurstun tərəfindən təmsil olunurdu. Bu qrup mübarizə ərəfəsində parlementə girməyə cəhd etdi. Bunun nəticəsi olaraq media təzyiqinə və polisin fiziki qarşıdurmasına məruz qaldılar. Amma bütün çətinliklərə baxmayaraq, istədiklərinə nail olmağı bacardılar.

Hal-hazırda qlobal miqyasda və eləcə də dünyanın ayrı-ayrı bölgələrində gender bərabərsizliyinin nəticəsində milyonlarla insanın inkişafı məhdudlaşdırılır. BMT-nin hesablamalarına görə, dünyada qidanın 50%-ni qadınlar istehsal edir, lakin onlar ümumi gəlirin yalnız 10%-ni alır və cəmi 1% torpaq sahiblənirlər. Hər il dünyada 18 yaşına çatmamış 60 milyon qız erkən nikaha məcbur edilir, dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır və onların 2/3-ni qadınlar təşkil etməkdədir. Bunlar keçmişdən bu yana hələ də düzəlməyən qlobal problemlərdir.
Müşahidələr göstərir ki, ölkəmizdə də qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil. Baxmayaraq ki, qadınlarımız bütün ictimai sferalarda, siyasətdə və biznesdə iştirak edir, pozitiv dəyişikliklər baş verir, amma hələ görüləcək işlər çoxdur.
Bu yanaşmanın nəticəsidir ki, hazırda Azərbaycanda bütün sahələrdə, o cümlədən idarəetmədə, qərar qəbulunda, biznes fəaliyyətində, ailədə kişilər qadınları böyük faizlə üstələyir. Adicə, qadın və kişi məvacibləri arasında fərqlər də mövcuddur. Rayonlarımızda qadınlar ictimai problemlər ucbatından, məsələn, zorakılıq, siyasi və iqtisadi həyatdan sıxışdırılma, işəgötürmədə ayrı-seçkilik və peşə həyatı ilə şəxsi həyatın uzlaşdırılmasında çətinliklər səbəbindən heç də kişilərlə eyni imkanlara malik deyillər. Deməli, təkcə hüquqi bazanın olması kifayət etmir. Çünki gender bərabərliyi qadınla kişinin təkcə qərar qəbulunda və sözdə deyil, praktikada da bərabər hüquqlu təmini şəraitində mümkün ola bilər.

Həmçinin regionlarda insanlar gender bərabərliyi haqda o qədər də xəbərdar deyillər. Burada həm qadınlar, həm də kişilərin əksəriyyəti mentalitetə uyğun olaraq düşünürlər ki, qadının rolu sadəcə kişiyə və ailəyə qulluqdan ibarətdir. Amma bunun ifrat dərəcədə qəbul edilməsi də vəziyyətə mənfi təsir göstərir. Ümumilikdə ölkəmizdə daha çox cinslərin oturuşmuş rolları və dərin kök atmış mədəni amillər gələcək tərəqqiyə mane olur. Buna görə də mədəni dəyişikliyə ehtiyac var. Bu dəyişiklik yalnız məktəbdə və ailələrdə maarifləndirmə vasitəsilə və medianın bu sahəyə tam cəlb olunması ilə mümkündür. Gender stereotipləri qaldıqca ayrı-seçkilik davam edəcək, çünki bu gün qadınların inkişafında əsas maneə qanunlar və ya qanun qüvvəli aktlar deyil, məhz onlardır.Gender probleminin həll edilməsi məqsədilə isə Azərbaycan Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan Prezidenti tərəfindən imzalanıb. Milli Məclis Aparatı rəhbərinin xidmətində Gender məsələləri sektoru yaradılıb. Bu bir faktdır ki, orta yaşlı nəsil bu haqda təhsil almayıb və müasir dövrə nisbətən daha az araşdırılıb. Bu isə Gender termininin cəmiyyət tərəfindən tam anlaşılmamasına səbəb olmuşdur. Gender sahəsində əldə edilən bir sıra nailiyyətlər onun daha böyük kütlə tərəfindən anlaşılmasına təkan vermişdir.
Lakin nailiyyətlərin daha da artırılması üçün biz əlimizdən gələni etməliyik.

Gənc nəsil Gender sahəsində bir çox beynəlxalq layihələrə qoşula və inkişaf edə bilərlər. Buna nümunə olaraq AIESEC- Dünyanın ən böyük gənclər təşkilatını qeyd etmək olar. Siz AIESEC vasitəsilə dünyanın bir çox ölkəsinə müxtəlif layihələr vasitəsilə könüllü olaraq səfər edib, gender bərabərsizliyi və bu kimi başqa qlobal problemlərlə bağlı beynəlxalq səviyyədə təcrübə qazana bilərsiniz. Bu layihələr dayanıqlı inkişaf məqsədlərinə əsaslanır. AIESEC’in bu layihələrində iştirak etmək sizin sosial və şəxsi həyatınızda böyük dəyişikliklərin olmasında müsbət rol oynayır. Hansı ki bu dəyişikliklər sizin daha intellektual və dünyagörüşlü bir kadr olaraq yetişməyinizə böyük təsir göstərər. Belə layihələr dünyaya fikrimizi çatdırmaq üçün ideal vasitədir. Lakin bu nailiyyətlərin daha da artırılması üçün biz əlimizdən gələni etməli və birlikdə mübarizə aparmalıyıq.
תגובות