top of page

Cavid Cəfərov qonaq ailə təcrübəsini bizlərlə bölüşür:

  • Azad Aliyev
  • 4 Nis 2021
  • 2 dakikada okunur

"Salam. Mən, Cavid Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsiyəm. 2019-cu ildə AIESEC təşkilatı vasitəsilə xaricdən gələn könüllülərə qonaq ailə olmuşam. Bu gün isə sizlərə maraqlı gələn bəzi sualları öz təcrübəm əsasında cavablandıracağam."





Qonaq ailə olmaq qərarına necə gəldiniz?

2-ci kursda oxuyarkən AIESEC Azərbaycanın keçirdiyi tədbirlərin birində iştirak etmişdim. Oradakı AIESEC əməkdaşı mənə qonaq ailə olmağı təklif etmişdi. Bu haqda ilk dəfə eşitməyimə baxmayaraq diqqətimi cəlb etdi. Bizə gələcək könüllü Türkiyədən idi, ancaq, təəssüf ki, alınmamışdı və biraz məyus olmuşdum. Bir müddət sonra qonaq ailə olmaqla bağlı yenidən təklif gəldi və mən bu dəfə də düşünmədən razılıq verdim. Sinqapurdan gələcək könüllünü qarşılayacağım günü iplə çəkirdim.




İlk gün:

Xarici qonaq ilə öncədən sosial şəbəkələr üzərindən əlaqə saxlasam da, ilk gün çox həyəcanlı idim. Çünki yaxşı başa düşürdüm ki, hər şey mənim ilk gün yaradacağım təəssüratdan asılı idi. Buna görə də həmin gün universitetdə dərsim olmasına baxmayaraq, icazə alıb xarici qonağı qarşılamağa getdim. Hava limanından gələrkən xarici qonağın şəhərimizi az da olsa, görmək şansı oldu. Ondan ilk təəssüratını soruşduğum zaman Bakı şəhərinə valeh olduğunu bildirmişdi.



Ailənizin qonaq ailə olmaq qərarınıza reaksiyası:

Mən ilk dəfə deyəndə ki, bizim xarici ölkədən qonağımız olacaq, ailəm mənə inanmamışdı. Zarafatcıl insan olduğum üçün “Zarafat edirsən yəqin ki.”-kimi reaksiya vermişdilər. Mənim ciddi olduğumu qonaq gəlməmişdən bir gün öncə anladılar, onda da dərhal hazırlıq işləri görməyə başladılar.






Ən unudulmaz gününüz:

Xarici qonağın getməyinə bir gün qalmış son günümüzü dəyərləndirmək üçün o və dostları ilə xüsusi bir gün keçirmək qərarına gəldik. Demək olar ki, Bakı şəhərində gəzmədiyimiz yer qalmamışdı. Onlar Bakı ilə yaxından tanış olduqca, buradan getmək istəmirdilər.

Şəhərdəki gəzintimizi bitirdikdən sonra elə həmin gün digər xarici qonaqlar ilə bizim evdə toplaşdıq. Anam onlar üçün ləzzətli Azərbaycan yeməkləri hazırlamışdı. Hətta dadlı yeməklərinə görə anama restoran açmağı təklif etmişdilər.



Xarici qonağın ölkəmiz və mədəniyyətimiz haqqında öyrəndikləri:

Qonaq ailə olduğum müddət ərzində ölkəmizin mədəniyyəti və tarixi haqqında mümkün qədər geniş və ətraflı məlumat verməyə çalışdım. Tarix biliklərimin yüksək olması mənə bu işdə çox kömək oldu. Qədim və tarixi əhəmiyyəti olan İçərişəhər, Yanardağ, Qobustan qayaları kimi müxtəlif görməli yerlərlə, eləcə də muzeylərimizlə tanış etdim.

Hətta belə bir hadisə olmuşdu: Biz metroya minərkən xarici qonağın kartında yetərli məbləğ olmadığını bilməmişdik. O, metro kartını vurduqda gördü ki, sən demə məbləğ bitib. Həmin an başqa bir azərbaycanlı onu kartı ilə digər tərəfə keçirdi. Xarici qonaq tanımadığı insanın ona kömək etməsinə təəccüblənmişdi. Mən isə bizdə bu cür halların normal olduğunu, hər kəsin ictimai yerlərdə bir-birinə kömək etdiyini bildirdim.



Qonaq ailə olmaq sizə nə qazandırdı:

Qonaq ailə olmaqla dünyanın müxtəlif ölkələrindən olan insanlarla tanış oldum və onlarla davamlı, sıx əlaqələr qurdum. Biz bir çox zamanlarda dili bildiyimizi, ancaq istifadə etmək şansımızın olmadığından şikayət edirik. Qonaq ailə olmaqla ingilis dilində danışmaq qorxuma qalib gələrək, daha da inkişaf etdirdim. Əlbəttə ki, ən böyük qazancım ömür boyu unutmayacağım və yenidən yaşamaq istəyəcəyim təcrübə oldu.



Qonaq ailə olmaq istəyənlərə tövsiyələriniz:

İlk öncə qeyd etmək istərdim ki, qətiyyən mədəniyyətlərarası fərqliliklərin çətinlik yaradacağını düşünüb, qonaq ailə olmağa çəkinməyin. Əksinə, müxtəlif mədəniyyətləri kəşf etməyin həm sizin, həm də xarici qonağın şəxsi inkişafına böyük qatqısı olacaq. Önəmli olan onlara ailə sevgisini hiss etdirməyinizdir. Bir dəfə qonaq ailə olsanız, bu təcrübəni dəfələrlə yaşamaq istəyəcəyinizə əminəm.







 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page