top of page

Cavid Hüseynzadə Serbiyadakı təcrübəsini bizlərlə bölüşür:

  • Azad Aliyev
  • 13 Haz 2021
  • 3 dakikada okunur

Mən Cavid Hüseynzadə. Xəzər Universitetinin Biznesin idarə edilməsi ixtisasında 4-cü kurs tələbəsiyəm. Hazırda “Paşa Holding”də çalışıram. Bu gün isə sizə 2019-cu ildə AIESEC təşkilatçılığı ilə Serbiyanın Belqrad şəhərində keçirdiyim təcrübədən bəhs edəcəyəm.

Gəlin AIESEC ilə tanışlığımdan və müraciət prosesimdən başlayaq. Əvvəllər əslində sadəcə Qlobal Könüllü (Global Volunteer) kimi seçilmək istəyirdim. Bir gün internetdə araşdırma edərkən qarşıma belə bir elan çıxdı. Bu fürsəti dəyərləndirməyə bilməzdim. Dərhal müraciət üçün baş vurdum. Amma, təəssüf ki, bəzi problemlər yaşandı, səhvliklər oldu və AIESEC Azərbaycana üzv kimi qəbul olundum. AIESEC Azərbaycanda TL(Team Leader) kimi fəaliyyət göstərdiyim zaman, Serbiyada GV programı üçün müraciət etdim və müsahibədən keçərək qəbul edildim.

Serbiyaya çatdıqdan sonrakı təəssüratlatıma gəldikdə deyə bilərəm ki, hər kəsin müəyyən standartları var. Sizin əgər yüksək gözləntiləriniz varsa, çox güman ki, qarşılacağınız mənzərəyə görə məyus olacaqsınız. Çünki, normal olaraq gedəcəyiniz yer sizin üçün son dərəcə möhtəşəm və rahat şərait təmin etmir. Amma ortalama həyat tərzinə və rahatlığa öyrənmiş bir həyat tərzinə sahibsinizsə bu şansı mütləq dəyərləndirməlisiniz. Məndə də hər şey gözlədiyim kimi və normal idi.

Təcrübə müddətim boyunca “Host Family” ilə yaşadım. Mənə ev sahibliyi edən şəxs isə oradakı Yerli Komitənin Prezidenti ( LCP ) idi. Orada könüllü kimi məndən başqa heç kim qalmırdı. Şərait qənaetbəxş və rahat idi. Hər şeydən razı qalmışdım.

Ümumilikdə, xaricdə olmaq sizin üçün yaşam mühiti və iş standartlarınız haqqında müəyyən dəyişiklərə getməyə və ordakı həyat tərzinə uyğunlaşmağa vadar edir. Təbii ki, yad bir ölkədəsinizsə istər-istəməz mühit və çevrəniz dəyişəcək. Doğma vətənində eşitdiyin dil öz Azərbaycan dilin idisə, gördüyün yazı bildiyin azərbaycanca idisə xaricdə bu halların tam əksi ilə qarşılaşacaqsan. Həyatında bir anda hər şey dəyişir. Bir sözlə sən ən qısa zamanda yeni dilə, yeni yazıya, yeni mühitə öyrəşməli olursan. Bu məqamda özümü bir qədər narahat hiss edirdim. Düşünürəm ki, insan bu cür çətinliklərlə də baş etməyi bacarmalıdr. Mən də sonradan hər şeyə alışmışdım. İş qrafikimiz və rejimimiz ümumilikdə qısa və rahat idi. Mənim orda işlədiyim zamanlarda iş saatları səhər başlayır, günorta saat 3-də isə bitirdi. Uşaqlarla işləyirdim. İşimdən məmnun idim. Həm əyləncəli , həm də maraqlı idi.

Mənə gəldikdə isə, deyə bilərəm ki, kifayət qədər özümə vaxt ayıra bilirdim. Əvvəl də dediyim kimi, iş müddətim tez bitdiyi üçün günortadan axşama qədər olan vaxtı yalnız özümə sərf edirdim. Bəzən orada olan tanışlarla konsertə gedirdim. O dostlarım da mənim kimi başqa ölkələrdən gələn könüllülər idi. Çoxlu festivallar təşkil olunurdu. Oradakı Komanda Liderim mənə bəzi muzeyləri, tarixi yerləri gəzdirirdi.

Əvvəla Belqradda Nikola Tesla muzeyinə getdim. Orada Nikola Teslanın ixtiralarını yoxlamaq olurdu və təbii ki, mən də yoxladım. Mənim üçün çox maraqlı bir xatirədir. Sonra isə TL-im ilə Belqradan əlavə başqa şəhərlərdə də olduq. Niş şəhərinə getdik. Niş şəhərində çoxlu abidələr gördüm. Ümumiyyətlə Serbiyada şəhərləri gəzmək maddi baxımdan çətin deyil. Çünki çox ucuz bir ölkədir. Mən özüm bədxərc bir insanam. Normal olaraq Azərbaycanda da çox xərcim olurdu. Amma orda hər şey ucuz olduğu üçün çox az pul xərcləmişdim. Orada əsas məsələ uçuş və bilet xərclərindən ibarət idi. Birdə əgər layihə sizi yeməklə təmin etmirsə bu da böyük bir problem hesab oluna bilməzdi. Çünki mənim orda olduğum zamanlar, dediyim kimi, hər şey əlçatan və ucuz olduğu üçün 30 manatla marketə girirdim və dolu səbətlə çıxırdım. Bununla yanaşı restoranlarda da xərclər Azərbaycana nisbətən daha az çıxırdı. Yəni, qısacası maddi cəhətdən bir problem yaşamamışdım.

Başqa bir ölkəyə getməyim mənə bir çox yeni təcrübə qazandırdı. Öz ölkəndən, yaşadığın yerdən kənara çıxdığın üçün özünü daha aydın ifadə edə bilirsən, həm dil biliyin həm də liderlik bacarıqların inkişaf edir. Baxmayaraq ki, ilk günlər çətin gəlir, amma sən yenə də mühitə uyğunlaşmağa və öyrənməyə çalışırsan.

 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page