Dayanıqlı İnkişaf Məqsədləri nədir və AIESEC-dəki rolu?
- Azad Aliyev
- 27 Oca 2021
- 5 dakikada okunur
Güncelleme tarihi: 2 Şub 2021
Dünyanı dəyişmək istəyirsiniz, ancaq hardan başlayacağınızı bilmirsiniz? İlk addımı Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlanaraq ata bilərsiniz. Bu məqsədlər dünyanın dörd bir yanında hər gün qarşılaşdığımız böyük problemlərin həllini hədəfləyir. Bəs Dayanıqlı İnkişaf Məqsədləri nədir və necə yarandı?

2015-ci ildə BMT-nin üzv dövlətləri yer üzündəki insanların həyat şəraitini yaxşılaşdırmaq üçün saziş imzaladılar. Bizim “Dayanıqlı İnkişaf Məqsədləri” adı ilə tanıdığımız bu sənəddə 17 Davamlı İnkişaf Məqsədi və əlaqəli 169 hədəf göstərilir. Dayanıqlı inkişaf gələcək nəsilləri təhlükəyə atmadan, resursları israf etmədən bugünki nəsillərin həyat səviyəsinin yaxşılaşdırılmasını nəzərdə tutur. AIESEC-də tez-tez qarşılaşdığımız SDG - Sustainable Development Goals sözü dilimizə Dayanıqlı İnkişaf Məqsədləri kimi tərcümə olunur. Dayanıqlı İnkişaf Məqsədləri AIESEC-in layihələrinin əsas mövzularını təşkil edir. Siz aiesec.org saytına daxil olub 17 məqsədin hər birinə uyğun müxtəlif layihələr ilə tanış ola bilərsiniz. Bu layihələrin hər biri dünyanın inkişafına tövhə vermək üçün nəzərdə tutulub. Gənclər bu sosial layihələrdə iştirak etməklə bu inkişafda böyük rol oyanyırlar. Məsələn, Dayanıqlı İnkişaf Məqsədləri-in dördüncüsü olan “Keyfiyyətli təhsil” mövzusundakı layihəyə müraciət edtikdə siz müxtəlif məktəblərdə könüllü kimi dərs keçmək şansı əldə edirsiniz. Bununla da siz yeni bir gənc nəslin sosial inkişafına töhfə vermiş olursunuz.
İndi isə həmin 17 məqsədlə tanış olaq.
Məqsəd 1: Yoxsulluğa son
“Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq”
Yoxsulluq yaşayış şəraitinin dayanıqlılığını təmin etmək üçün lazım olan gəlir və resursların çatışmazlığından ibarət deyil. O, aclıq və zəif qidalanma, təhsilə və digər əsas xidmətlərə çıxış imkanının məhdud olması, eləcə də qərarların qəbul edilməsində iştirakın olmaması formalarında təzahür edir.
Məqsəd 2: Aclığa son
“Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək”
Ərzaq məhsullarının necə yetişdirdiyimizi, paylaşdığımızı və istehlak etdiyimizi yenidən düşünmək vaxtıdır. Düzgün şəkildə həyata keçirildiyi təqdirdə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq insanların yaşayışının yaxşılaşmasına yönələn aqrar inkişafa və ətraf mühitin qorunmasına dəstək verməklə, hər kəs üçün qidalı ərzaq təmin edə və layiqli gəlir yarada bilər.
Məqsəd 3: Yaxşı səhiyyə və rifah
“Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq”
Yaşından asılı olmayaraq hamı üçün sağlam həyat tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq dayanıqlı inkişaf üçün vacibdir. Gözlənilən ömür uzunluğunun artırılması və uşaq və ana ölümü ilə əlaqəli geniş yayılmış ölüm səbəblərinin azaldılması ilə əlaqədar əhəmiyyətli addımlar atılmasını nəzərdə tutur.
Məqsəd 4: Keyfiyyətli təhsil
“Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək”
Keyfiyyətli təhsil almaq insanların həyatını və dayanıqlı inkişafı yaxşılaşdırmaq üçün əsasdır. Bütün səviyyələrdə təhsilə çıxış imkanının artırılması və xüsusilə qadınlar və qızlar üçün məktəblərə qeydiyyat dərəcələrini artırma istiqamətində böyük irəliləyişlər olmuşdur.
Məqsəd 5: Gender bərabərliyi
“Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək”
Gender bərabərliyi yalnız əsas insan hüququ deyil, sülh, rifah və dayanıqlı dünya üçün zəruri bir təməldir.Qadınlar və qızların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxış imkanlarının və siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştiraklarının təmin olunması dayanıqlı iqtisadiyyatı canlandıracaq və cəmiyyətə və insanlığa böyük fayda gətirəcəkdir.
Məqsəd 6: Təmiz su və sanitariya
“Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək”
Hamı üçün təmiz, əlçatan su yaşamaq istədiyimiz dünyanın vacib bir hissəsidir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin su var. Lakin zəif iqtisadiyyat və ya zəif infrastruktura görə, hər il əksəriyyəti uşaqlar olmaqla milyonlarla insan, qeyri-kafi su təchizatı, sanitariya və gigiyena ilə əlaqədar xəstəliklərdən ölür.
Məqsəd 7: Sərfəli və təmiz enerji
“Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək”
Bu gün dünyanın qarşılaşdığı istənilən əsas problem və fürsətlərin mərkəzində enerji dayanır. İş, təhlükəsizlik, iqlim dəyişikliyi, qida istehsalı və ya gəlirlərin artımı üçün enerjiyə çıxış imkanının olması vacibdir.
Məqsəd 8: Layiqli əmək və iqtisadi artım
“İnklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək”
Dünya əhalisinin təxminən yarısı günə 2 ABŞ dolları məbləğindən az qazancla yaşayır. Bir çox yerlərdə, iş sahibi olmaq yoxsulluqdan qurtulmaq qabiliyyətinə zəmanət vermir. Bu yavaş və qeyri-bərabər irəliləyiş bizdən yoxsulluğun aradan qaldırılmasına yönəlmiş iqtisadi və sosial siyasətlərimizi yenidən nəzərdən keçirməyi və yenidən hazırlamağı tələb edir.
Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur
“Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək”
Məhsuldarlıq və gəlirlərin artması, səhiyyə və təhsil nəticələrinin yaxşılaşdırılması üçün infrastruktura investisiya qoyuluşu tələb olunur. İnklüziv və dayanıqlı sənaye inkişafı gəlirlərin yaranmasının əsas mənbəyidir, bütün insanların həyat səviyyəsinin sürətlə və davamlı artmasına imkan verir və ekoloji təmiz sənayeləşmə üçün texnoloji həllər təqdim edir.
Məqsəd 10: Bərabərsizliyin azaldılması
“Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq”
Hələ də ölkələrarası bərabərsizlik davam edir, səhiyyə və təhsil xidmətlərinə və digər aktivlərə çıxışlarda böyük fərqlər qalır. Bundan əlavə, ölkələr arasında gəlirlərin bərabərsizliyi azalmış ola bilər, lakin ölkələr daxilindəki bərabərsizlik artmışdır.
Məqsəd 11: Dayanıqlı şəhərlər və icmalar
“Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək”
Şəhərlərdə ən çox rast gəlinən problemlərə əhali sıxlığı, əsas xidmətlərin göstərilməsi üçün vəsait çatışmazlığı, adekvat mənzil təminatının çatışmazlığı və azalan infrastruktur daxildir. Şəhərlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün resurslardan istifadənin təkmilləşdirilməsi, çirklənmənin və yoxsulluğun azaldılması ilə yanaşı, onların inkişaf etməsinə və böyüməsinə imkan verən üsullardan istifadə oluna bilər.
Məqsəd 12: Məsuliyyətli istehlak və istehsal
“Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək”
Dayanıqlı istehlak və istehsalın məqsədi həyat keyfiyyətinin artırılması fonunda, resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunmuş rifah dərəcəsini artıraraq “daha az resursla daha çoxuna, daha yaxşı şəkildə nail olmaq”- dır.
Məqsəd 13: İqlim dəyişikliyinə qarşı mübarizə
“İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək”
İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrini əhatə edir. O, ölkələrin iqtisadiyyatına zərbə vurur, insanların həyatına təsir edir, insanlara, icmalara və ölkələrə baha başa gəlir.İnsanlar artıq iqlim dəyişikliyinin, o cümlədən hava şəraitindəki dəyişikliklərin, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərini hiss edir.
Məqsəd 14: Dəniz ekosisteminin mühafizəsi
“Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək”
Okeanlar, onların temperaturu, kimyəvi xüsusiyyətləri, cərəyanları və onlarda mövcud olan həyat Yer kürəsini bəşəriyyətin yaşaması üçün yararlı edən qlobal sistemlərIi formalaşdırır. Yağış suları, içməli sular, hava, iqlim, sahil xətləri, ərzaqlarımızın böyük bir hissəsi, hətta havadakı oksigen də nəticə etibarı ilə dəniz tərəfindən təmin edilir və tənzimlənir.
Məqsəd 15: Torpaq ekosisteminin mühafizəsi
“Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq”
Yer səthinin 30 faizini əhatə edən meşələr insanlar üçün ərzaq və sığınacaq təmin etməklə yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizə, biomüxtəlifliyin saxlanması mühüm rol oynayır. Hər il 13 milyon hektar meşə sahəsi itirilir. Quraq ərazilərin davamlı deqradasiyası 3.6 milyard hektar sahənin səhralaşmasına gətirib çıxarıb. İnsan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində meşələrin qırılması və səhralaşma dayanıqlı inkişafın qarşısında böyük əngəllər yaradır və yoxsulluğa qarşı mübarizədə milyonlarla insanın həyatına və dolanışığına təsir göstərir.
Məqsəd 16: Sülh, ədalət və səmərəli institutlar
“Ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək”
Dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi və qurumların bütün səviyyələrdə səmərəliliyinin və hesabatlılığının təmin edilməsinə yönəlir.
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq
“Dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq”
Dayanıqlı inkişaf gündəliyinin uğurlu icrası üçün hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq tələb olunur. Buraya qlobal, regional, milli və yerli səviyyələrdə, insanları və planeti diqqət mərkəzində saxlayan prinsip və dəyərlər, gələcəyə ortaq baxış və birgə məqsədlər üzərində qurulmuş inklüziv tərəfdaşlıqlar daxildir.
Elə indi aiesec.org saytından qeydiyyatdan keç və dünya üçün ilk addımı at.
Commentaires