top of page

Fidan Əmiraslanlı Rumıniyadakı AIESEC təcrübəsini bizlərlə bölüşür:

  • Azad Aliyev
  • 18 Eki 2020
  • 4 dakikada okunur

Güncelleme tarihi: 26 Oca 2021

Salam. Mən, Fidan Əmiraslanlı Azərbaycan Dillər Universiteti Alman dili müəllimliyi 4-cü kurs tələbəsiyəm. 2019-cu ilin yayında AIESEC-in Rumıniyada baş tutmuş "Discover Expansion" könüllülük proqramında iştirak etmişəm. Qeyd edim ki, bu layihə BMT-in Dayanıqlı İnkişaf Məqsədləri"-in dördüncüsü olan “Keyfiyyətli təhsil” əsasında yaradılmışdır. Bu gün isə sizlərə layihə haqqında maraqlı gələn bəzi sualları öz təcrübəm əsasında cavablandıracağam.




AIESEC ilə tanışlıq və müraciət prosesi:

AIESEC təşkilatını hələ məktəb vaxtından tanısam da, ancaq yerli könüllülük haqqında məlumatlı idim. Universitetimizdə AIESEC-in təşkil etdiyi bir sıra tədbirlərdə iştirakımdan və bir az araşdırmamdan sonra AIESEC-in qlobal könüllük proqramlarının olduğunu öyrəndim. Belə ki, AIESEC layihəsinə müraciət edib xarici ölkəyə gedir və bundan əlavə, orda beynəlxalq iş təcrübəsi qazanırsınız. Təbii ki, bunu biləndən sonra ilk işim aiesec.org saytından qeydiyyatdan keçmək oldu. Daha sonra isə AIESEC təşkilatının könüllüləri mənimlə əlaqə saxladı, prosedur, layihələr, müraciət prosesi və s. haqqında ətraflı məlumat

verdilər. Hətta mənə bu prosesdə kömək etmək üçün xüsusi mencer belə təyin etmişdilər. Mən menecerimin köməkliyi və öz istədiklərimi nəzərə alaraq bir sıra layihələrə müraciət etdim. Əsasən müraciət etdiklərim ixtisas sahəm olan təhsil ilə bağlı və Avropada baş tutacaq layihələr idi. Rumıniyanı seçməyimin səbəbi isə bu ölkənin maraqlı tarixi, həm də digər Avropa ölkələrinə nisbətdə xərclərinin az olması idi. Layihəyə müraciət etdikdən sonra AIESEC-in xaricdəki üzvləri məndən müsahibə götürdü və bir neçə gün içində qəbul cavabı aldım. Daha sonra isə viza prosesi, aviabiletin alınması proseduru başladı. Xaricdə təcrübə proqramında iştirak etmək üçün məhz AIESEC-i seçməyimin bir çox səbəbləri var. Əvvəla, AIESEC-i digər təşkilatlardan fərqləndirən əsas cəhət burada layihələrin müxtəlif mövzularda və 6-12 həftəlik olması idi. Beləliklə, siz özünüzə uyğun layihəni tapıb müraciət edə bilirsiniz. Bundan əlavə, layihəyə müraciətdən qəbul prosesinə qədər hər yerdə AIESEC üzvlərinin köməklik göstərməsi, viza dəstəyinin verilməsi və ən əsası isə layihənin sonunda BMT tərəfindən tanınan beynəlxalq sertifikatla təmin olunmağımız seçim etməyimdəki əsas faktorlar idi.


Xaricə getdikdə təəssüratlarınız və iş mühiti:


Uzun müddətdir ki, Avropaya səyahət etməyi planlaşdırdığım üçün həm təhlükəsizlik cəhətdən, həm də tək olduğum üçün narahat idim. Lakin, havalimanından endiyim vaxt bir anlıq fikirləşdim ki;


- Görəsən, düzgün qərar vermişəm?


Bəli, düz qərar vermişdim. AIESEC-in xaricdəki üzvləri məni hava limanında qarşıladılar və daha sonra layihə müddətində qalacağım yataqxanaya apardılar. Layihə başlamazdan qabaq ilk 3 gün bizə oradakı AIESEC üzvləri istər layihəmiz, istərsə də qalacağımız şəhər haqqında ətraflı məlumat verdilər. Bunun sayəsində biz heç bir çətinlik çəkmədən nə edəcəyimizi öncədən bilir və hər hansı problemlə qaşılaşdığımız zaman isə AIESEC üzvlərinə müraciət edirdik. Layihədə bir sıra xarici millətlərdən: Çin, Tailand, Türkiyədən gənclər vardı. Aramızda din və dil fərqi olsa da, layihə müddətində onlarla çox maraqlı vaxt keçirirdik.

İstərdim ki, bir az oradakı iş mühiti haqqında sizlərə məlumat verim. Mənim işim uşaqlara İngilis dilini maraqlı yollarla öyrətmək və sevdirmək idi. İş müddətim isə həftə içi saat 10-də başlayıb 2-də bitirdi. Təlimlərdə bizə layihənin strukturu, dərs müddəti, bu 4 saat ərzində nə etməliyik, hansı mövzulara toxunmalıyıq və s. haqqında ətraflı məlumat vermişdilər. İlk günlər bir az çətinliklər ilə qarşılaşsam da, layihədəki dostlarım sayəsində bu problemləri asanlıqla həll etdim. Dərs prosesi çətin deyildi, bir saat dərs, növbəti bir saat əlavə fəaliyyətlə məşğul olurduq. Uşaqlarla o qədər maraqlı vaxt keçirirdik ki, layihənin sonlarında uşaqlardan ayrılmaq istəmirdim.




Qonaqlama:

AIESEC-də bir çox layihələr sizə qonaqlama üçün hostel və ya host family (qonaq ailə) təklif edir. Burda əsas olaraq sizin seçiminiz götürülür. İkisinin də müsbət və mənfi cəhətlərinə nəzər yetirib özünüzə uyğun seçimi edə bilərsiniz. Bizim qalacağınıza yer işlədiyimiz orta məktəbin yataqxanası idi. Burda bir çox millətdən olan layihə iştirakçıları ilə bir yerdə qalırdıq. Adətən axşamları müxtəlif oyunlar oynayır, sabahkı iş planımızı birlikdə qururduq.



Layihədən kənar fəaliyyətləriniz:

İş saatımız bir az əvvəl qeyd etdiyim kimi səhər saat 10-da başlayıb günorta

2-də bitirdi. İşdən sonra yataqxanaya qayıdıb bir az dincəlir, sabahkı dərsin mövzusunu araşdırır, təqdimat hazırlayır, aramızda müzakirələr edirdik. Daha sonra axşam yeməyi yeyib şəhəri gəzməyə gedirdik. Layihəmizin baş tutduğu şəhər kiçik olsa da, gəzməli yerləri çox idi. Adətən, həftə sonları çamadanımızı yığıb başqa şəhərlərə səyahət edirdik. Həftəsonu orada qalır, fərqli mədəniyyətləri, tarixi yerləri kəşf edir, bazar günü axşam isə yataqxanaya qayıdırdıq. Rumıniya vizamız olduğu üçün Rumıniya daxilində daha çox səfər edirdik. Bu müddət ərzində Buxarest, Pitesti, Campulung, Brashov, Timisoara kimi şəhərləri gəzdik. Bir sıra Avropa ölkələri var idi ki, onlar viza tələb etmirdilər. Bu fürsəti əldən verməmək üçün Serbiya və Monteneqroya da getdik.



Layihə müddətindəki xərclər:

Gələk əsas suala: Layihə müddətindəki xərclər? Həm Avropaya gedib, həm də büdcəsinə qənaət etmək istəyənlər üçün məncə Rumıniya doğru seçimdir. İstər nəqliyyat, istərsə də digər xidmətlər baha deyildi. Məsələn, biz gecəsi 7 manata da, 10 manata da hostel tapmışdıq. Bu əsasən əvvəlcədən planlamanızdan asılıdır. Layihə bizi qonaqlama ilə təmin etdiyi üçün xərclərimiz daha az oldu. Bundan əlavə, AIESEC bizə viza dəstəyi verdiyi üçün, bəzi viza rüsumlarından azad idik. Layihə müddətindəki xərclərdən əlavə, aviabilet xərclərini özümüz qarşılamalı idik.



Bu təcrübə sizə nə qazandırdı:

Bu layihə komfort zonamdan çıxmaq və özümü kəşf etmək üçün əla şans idi. Əvvəllər dərs danışmağa belə çəkinirdim, lakin layihə müddətində danışıq qabiliyyətim və dil biliklərimi inkişaf etdirdim. Layihədə fərqli ölkələrdən çoxlu dostlar qazandım. Bir sözlə, bu layihə indiki Fidanı kəşf etməyimdə mənə kömək oldu.



Gənclərə tövsiyələriniz:

İlk öncə qeyd etmək istərdim ki, qətiyyən dil cəhətdən narahat olub müraciət etməyə çəkinməsinlər. Orda heç kim mükəmməl ingiliscə danışmırdı, hamımız bir-birimizdən öyrənirdik. Növbəti məsləhətim bu ola bilər ki, yay üçün layihə axtardıqda bu prosesə qışdan başlasalar, daha yaxşı olar. Çünki, AIESEC-də yüzlərlə layihə açılır və minlərlə adam müraciət edir. Yerlər tez dolduğu üçün özlərinə uyğun layihə tapmaqda çətinlik çəkə bilərlər. Ən əsası isə öncədən gedəcəkləri layihəni və şəhəri bilsələr, viza, aviabilet, sığorta və s. işlərini daha rahat və uyğun qiymətə həll edə bilərlər.



Bu təcrübəni yaşadığım üçün özümü çox xoşbəxt hiss edirəm və məncə hamı bunu ən az bir dəfə yaşamalıdır.

Fidan Əmiraslanlı





Elə indi aiesec.org saytından qeydiyyatdan keç, sən də bu təcrübəni yaşa.




 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page