Giulia qonaq ailə ilə bağlı xatirələrini bizimlə bölüşür:
- Azad Aliyev
- 11 Nis 2021
- 2 dakikada okunur
"Salam, mən Giulia. İtaliyadanam. Almaniyada siyasət üzrə təhsil alıram. 2 il əvvəl AIESEC-in Global Volunteer proqramında iştirak etdim və bu mənim üçün unudulmaz təcrübə idi. Bu gün qonaq ailədəki təcrübəmlə bağlı sualları cavablandıracağam."

Niyə Azərbaycan?
Əslində ağlımda xüsusi bir layihə yox idi və aiesec.org saytında araşdırmağa başladım. Araşdırarkən Azərbaycanın layihələrini gördüm və onlar mənim diqqətimi cəlb etdi.
Azərbaycan haqqında çox məlumatım yox idi, amma buranı kəşf etməyin çox gözəl olacağını düşünürdüm. Ona görə də həmin layihələrdən birinə müraciət etdim və qəbul oldum.
Qonaq ailə bağlı gözləntiləriniz və ilk gününüz:
Bu qonaq ailə ilə ilk təcrübəm deyildi, çünki orta məktəbdə oxuyarkən bir il ABŞ-da qonaq ailə ilə yaşamışdım. Amerikadakı qonaq ailə ilə müqayisədə Azərbaycandakı daha yaxşı idi, çünki buradakı ailəm çox səxavətli və qonaqpərvər idi.

Azərbaycandakı qonaq ailə mənə öz qızları kimi davranırdı və hiss edirdim ki, mən həqiqətən də bu ailənin bir parçasıyam.
İlk günə gəldikdə isə, Bakıya gecə çatdım və taksi sürücüsü ünvanı çətinliklə tapdığı üçün bir az narahat olmuşdum. Ancaq qonaq qardaşım, bacım və valideynlərimlə görüşəndə özümü xoşbəxt hiss etdim.Daha sonra qonaq ailəmin hazırladığı ləziz yeməklərdən yedim, hətta indi belə onların dadını xatırlayıram, dolma və dovğanı isə, xüsusilə, sevdim. Evə qayıtdıqdan sonra dostlarım üçün Azərbaycansayağı nahar hazırladım və bu onların da çox xoşuna gəldi.
Qonaq ailə ilə keçirdiyiniz vaxt və unudulmaz xatirələr:
Ümumiyyətlə, birlikdə çox şey etdik. Bir həftə sonu Azərbaycanın cənubuna səyahət etdik və piknik üçün meşəyə getdik. Azərbaycanın əsrarəngiz təbiəti məni valeh etdı. Azərbaycanın təkcə təbiəti deyil həm də çoxsaylı tarixi və mədəni yerləri də diqqətimi cəlb etdi. Bununsa əsas səbəbi insanlar arasındakı multikultural dəyərlərin abidələrdə əks olunması idi.
Azərbaycanda üzləşdiyiniz mədəni şok:
Düşünürəm ki, qarşılaşmadım, amma mənim üçün çox qəribə olan bir neçə şey var idi. Məsələn, xaricdən gələn biri olduğumdan qonaq ailəm mənim üçün çox narahat olurdu. Buna görə mənə bir az daha tez evə gəlməyimi tövsiyə etdilər. Mən də onları başa düşərək daha tez qayıtmağa başladım. Ümummilikdə isə Azərbaycan mədəniyyətinə heyran oldum və xüsusilə Azərbaycan xalqının əliaçıqlığını vurğulamaq istəyirəm. İnsanlardakı "paylaşmaq gözəldir" düşüncəsinin mənim üzərimdə böyük təsiri oldu.
Darıxdığınız 3 amil:
Azərbaycan haqqında darıxdığım çox şey var. Birincisi, hələ də ləziz dadlarını unuda bilmədiyim Azərbaycanın görkəmli mətbəxidir.

İkincisi, insanların əliaçıqlığı üçün çox darıxıram. Azərbaycanda hamı hər zaman sahib olduqlarını bölüşməyə və sizə kömək etməyə hazırdır. Son olaraq isə Azərbaycanın bənzərsiz mənzərəsini qeyd etməsəm olmaz.
Global Volunteer-ə müraciət etmək istəyən hər kəs üçün kiçik bir tövsiyəm var: Mədəni fərqliliklərə hazır olun, amma qorxmayın, çünki ailənizlə açıq şəkildə danışaraq bu kimi problemlərin öhdəsindən gələ bilərsiniz.
Elə indi aiesec.org-dan qeydiyyatdan keçərək sən də bu təcrübəni yaşa.
Commentaires