Hindistana aparan yol: Gülnar Mərdanovanın təcrübəsi
- Azad Aliyev
- 9 Haz 2021
- 5 dakikada okunur
Güncelleme tarihi: 12 Haz 2021
“Mən Gülnar Mərdanova 25 yaşım var, hazırda Polşanın Krakov şəhərində Data Science
üzrə həm oxuyub, həm də işləyirəm. Həftə içi magistr təhsilimi alıb, həftə sonu isə xarici
şirkətlərin birində işləyirəm. Bugün sizlərə Global Talent təcrübəm haqqında məlumat
verəcəm. ”

AIESEC ilə tanışlıq
Mənim 1.5 il AIESEC üzvlük təcrübəm olduğu üçün bu layihələrlə artıq tanış idim, üzv
olduğum müddətdə bir neçə insanı həm xaricə göndərmək, həm də qonaq etmək şansım olduğu üçün universiteti bitirdikdən sonra özümə də bu təcrübəni qatmalı olduğumu qərara aldım. Mənim Global Talent (GT) təcrübəm İT sahəsi üzrə EY layihəsində İT Support kimi Hindistanda olmuşdur. Hindistanda yaşadığım 1 illik təcrübə mənim həyatıma inanılmaz xatirələr qatdı, o 1 il ərzində hər gün “bu həyatı yaşamağa dəyər” - deyə düşünürdüm.
Hindistana gedən yol

Mən bu layihə ilə bir dostum vasitəsilə tanış oldum, o zamanlar dostum Hindistanda idi və mənə link göndərdi ki, qoşulum və orada iştirak edim. Mən bakalavr təhsilimi Beynəlxalq
Münasibətlər üzrə oxusam da, rus dili biliyimin olması üstünlük hesab edildi və beləliklə Global Talent proqramına İT üzrə getdim. Qəbul prosesi zamanı 2 müsahibə verdim. Onlardan biri ELS koordinatoru ilə, digəri isə TCS- dən dil biliyimi yoxlamaq üçün olmuşdur. Bu mərhələləri uğurla keçərək layihəyə qəbul oldum, sonra isə vizaya müraciət etdim və Hindistana köçdüm.
Təcrübə prosesi və çətinlikəri
Təcrübə prosesimin ilk 1 ayı mənə treyninq keçdilər, mənim cüzi İT biliyimin olmasına baxmayaraq güclü qurulmuş sistem həm asanlıqla öyrənməyə, daha sonra isə işləməyə imkan yaradırdı. Texnologiyanın rahatlığı mənim işlərə olan yanaşmamda çox kömək edirdi. İş ilə bağlı olan çətinliklərə gəldikdə isə, mənim işimdə müştərilərlə birbaşa zənglər ilə əlaqə saxlanıldığı üçün çox stresli və gərgin mühit yaranırdı. Biz treyninqdə olan zaman hər şey nəzəri idi, işləməyə başladığım ilk ay proqramlar ilə işləməkdə çox çətinliklərim olmuşudu. Həmçinin işə məsuliyyətli yanaşmalı olduğumuz üçün heç bir səhv etməməliydik. Orada bizim çox mehriban bir nəzarətçimiz vardı, hər hansı bir tətbiqdə problem yaşasam onu çağırırdım və o mənə hər şeyi aydınlıqla başa salırdı. Artıq 1 ayın sonunda hansı tətbiqdən hansı situasiyada istifadə edəcəyimi öyrənmişdim.
Təsadüfi Hindistan səyahəti və ilkin təəssüratlar
Mənim Hindistandakı təcrübəm tamamilə plansız şəkildə alındı və heç vaxt düşünməzdim ki, mən Hindistana gedə bilərəm. Əslində, o vaxtlar mən Almaniyada təhsil üçün hazırlaşırdım, hətta qəbul olmuşdum, sadəcə təqaüd qazana bilmədiyim üçün getməkdən imtina etmişdim. O zamanlar bir neçə təqaüd proqramlarına müraciət edirdim, lakin rədd cavablarını gördükdə istər-istəməz ruhdan düşdüm və beləliklə Hindistana sırf belə bir artıq şansım olsun deyə müraciət etdim. Ağlımda heç getmək düşüncəsi yox idi.

Mənə qəbul cavabı gəldikdə ailəmin razı olmayacağını fikirləşirdim, hətta ilk anama zəng edəndə əvvəlcədən beynimdə bir mətn hazırlamışdım ki, anam razı olsun. Xoşbəxtlikdən valideynlərim heç biri qarşı çıxmadı və mən inanılmaz rahatlıqla Hindistana yollandım. Hindistana ilk getdikdə mən şirkət tərəfindən qarşılandım və 2 həftə oteldə qaldım, 2 həftənin sonunda isə artıq ev tapmaq məcburiyyətindəydim.
Hava limanına çatanda ilk diqqətimi çəkən havadakı ədviyyat qoxuları idi. Bildiyiniz kimi hindistanlılar ədviyyatı çox sevir və çox istifadə edir, doğrusu, bu mənə o qədər də xoş gəlməmişdi. Mənə qəribə gələn hadisələrdən digəri isə səhər saatlarında insanların bu qədər hərəkətli və səs-küylü olması idi, mən təyyarədən enəndə səhər saat 5 idi, amma küçədə tıxac var idi. Həmin gün 20 dəqiqə ərzində çatmalı olduğumuz otelə 2 saat ərzində çatmışdıq. Qısacası, ilk təəssüratlarım o qədər də xoş olmamışdı, lakin orda özümü psixoloji olaraq hazırladım ki, bura işləməyə gəlmişəm və hər şey yaxşı olacaq.
Oradakı iş mühiti
Bildiyiniz kimi TSC şirkəti dünyanın ən böyük İT şirkətlərindən biridir və İT support üzrə qlobal servis göstərilir. İş mühitinin çox peşəkar olduğunu bildirmək istəyirəm. Komandada olan hər bir şəxs fərqli layihələrdə işləyirdi, mən EY layihəsində işləyirdim. Hər səhər tətbiqlər işləməyə hazır vəziyətdə olurdu. Bizim əsas işimiz isə müştərilərdən gələcək zəngləri gözləmək idi. Əgər zənglər zamanı problemi həll edə bilmirdiksə, bizdən daha çox təcrübəsi olan komandalara ötürürdük və beləliklə problemin həlli uzun çəkmirdi.
Aylıq gəlir bütün ehtiyaclarınızı qarşılayırdımı?
Biz maaş ilə təmin olunduğumuz üçün yaşayış xərcləri və digər xərcləri bu gəlirlə idarə etməli idik. Sadəcə ilk 2 həftə oteldə yaşayış şirkət tərəfindən qarşılandı və ev tapmaqda mənə ELS koordinatoru kömək etmişdi. Bizə əvvəlcədən bildirdikləri bir məqam var idi ki, ilk 2 ay maaş hesaba köçmürdü, 3-cü ay isə 3 aylıq maaş hesabımızda olurdu. Bunun üçün də oraya gedəndə müəyyən bir məbləğ yanımda aparmalı idim. Gəlir bütün ehtiyaclarımı qarşılayırdı, hətta bir hissəsini də toplayırdım. Təbii ki, siz nə qədər çox xərcləsəniz, idarə etməsəniz əlinizdə bir o qədər az pul qalacaq. Mənim ən çox pul xərclədiyim məqamlar yeni yerlərə səyahət edəndə olurdu, düşünürdüm ki, belə bir maraqlı ölkəni gəzməyə pul xərcləmək daha məqsədəuyğundur.
Layihədən kənar fəaliyyətlər

Biz komanda olaraq 3 mərtəbəli binada birliktə yaşayırdıq və buna görə də işdən kənar bir yerə toplanıb əylənirdik, hətta bəzən mədəniyyət gecələri edirdik. Orada hamı öz ölkəsinin mədəniyyətini təmsil edən yemək bişirirdi və ya bu mədəniyyət haqqında danışırdı. Beləliklə, hər birimizin dünyagörüşü artırdı və bir-birimizi daha yaxşı tanyırdıq. Bundan əlavə, işdən icazəli günlərdə tez-tez səyahət edirdim. Sadəcə Hindistanda yaşaya biləcəyim təcrübələr var idi, məsələn: musson aylarında dağlara qalxmaq. İlk dəfə eşidəndə insana biraz qəribə gəlir ki niyə yağışda dağa çıxasan, amma onun ayrı bir maraqlı tərəfləri var idi. Demək olar ki, yaşaya biləcəyim hər bir təcrübəni dadmışam. Səyahət etdiyim şəhərlər arasında hər bir şəhərin özünəməxsus gözəllikləri var idi. Mən Banqalorda yaşayırdım və havasına görə ən çox sevdiyim şəhər də ora idi, bir az küləksiz Bakı kimi təsəvvür edə bilərsiniz. Dehlinin havası isə çox quru və isti idi. Munnar şəhərində olmaq şansım olub deyə bilərəm ki, Hindistanın ən gözəl şəhərlərindən biri idi. Şəhər mənə cəngəlliyi xatırladırdı, dağ ətəyində yerləşən hissədə çay və kofe plantasiyaları var. Bundan əlavə, bir neçə şəhərdə olmaq imkanım da olub.
Üzləşdiyiniz mədəni şok və çətinliklər
Bir dəfə Çennaiyə səyahət sırasında avtovağzalda avtobusdan düşdükdə, həqiqətən, şok ilə qarşılaşdım. Deməli, yüzlərlə insan yerdə yatırdı və mən situasiyanı anlamaqda çətinlik çəkirdim ki - nə baş verir burda? Niyə hamı yerdə yatır? Sonra öyrəndim ki avtobus gözləyərkən oturmağa yer olmadığı üçün yerdə uzanırlar. Elə bir vəziyyət yaranmışdı ki, insanların üstündən keçməli olmuşdum. Çətinlik isə yeməklərin ədviyyatına dözə bilməməyim idi, bəzən elə olurdu ki yemək yeyərkən gözlərimdən yaş gəlirdi, amma bir müddət sonra sevməyə başladım.
Təcrübədən qazandıqlarınız
Mən təcrübəyə getməmişdən öncə İT -in hansı sahəsi üzrə davam edəcəyimi bilmirdim. Orda isə araşdırma aparmaq şansım oldu və artıq Azərbaycana qayıdanda Data Scientist olmaq qərarına gəldim. 2 il öz üzərimdə işlədim, kurslara getdim və sonda bankların birində Data Analyst kimi işə başladım. 1.5 il orada işlədikdən sonra isə Polşaya müraciət etdim və hal-hazırda burada işləyirəm. Ümumi olaraq Hindistandakı təcrübə mənə qərar verməkdə və peşəkar inkişafda kömək oldu.
GT-ə müraciət etmək istəyən gənclərə tövsiyələr

İlk tövsiyəm cəsarətli olmaqlarıdır, düzdür bu yolda çox çətinliklərlə qarşılaşa bilərsiniz həm
maddi, həm mənəvi, əsas onu necə həll edəcəyinizdir. Daha sonra maddi cəhətdən təcrübəyə getmək üçün ilk başda müəyyən bir məbləğə ehtiyacınız olacaq, hazırda o imkanınız olmaya bilər amma bacardığınız qədər pul yığın və ya yaxınlarınızdan borc alın, onsuzda işləyərkən o borcu qaytara biləcəksiniz. Digər bir tövsiyəm isə həmişə özünüzü inkişaf etdirin və qarşınıza çıxan şansları dəyərləndirin.
Comments