Lider doğulmaz, lider olunar
- Azad Aliyev
- 18 Nis 2021
- 3 dakikada okunur
Güncelleme tarihi: 29 Haz 2021
Lider kimdir və liderlik nədir?

Lider bir çox fərqli təriflər verilsə də, ümumi olaraq bir cəmiyyətə və ya bir təşkilata fayda verən, idarə edən və ətrafdakıları ideal bir hədəfə yönəldə bilən insandır. Bəs liderlik nə deməkdir? Liderlik fitri istedad deyil. Daha sonra əldə edilə bilən bacarıqlardan biridir. Əlbəttə ki, şəxsi və həyat təcrübələri liderlik profilinə müsbət və ya mənfi təsir edə bilər. Bununla birlikdə yaxşı bir lider profilinə sahib olmaq üçün mənfi, müsbət cəhətləri təyin etmək, onların üzərində işləmək və inkişaf etdirmək vacibdir, həmiçin bu xüsusiyyətlərə malik olmaq ideal liderlik nümunəsidir. Liderlikdən danışarkən, təbii ki, bunun keçmiş və indiki dövrdə nə ifadə etdiyini də bildirməliyik. Belə ki, liderlik tam olmasa da keçmiş və hazırki dövrdə biraz fərqlənir. Keçmiş dövrdə insanlar bütün liderlik bacarıqlarına; qərar vericilik, dürüstlük, komandayla işləmək, problem həll etmə, etibarlılıq, ən əsası, idarəediciliyə malik olan və daha ciddi liderlik profilinə sahib adamları seçirdirlər, hətta ona itaət etməklə qalmayıb ən uca insan kimi görürdülər. Hazırda isə vəziyyət biraz fərqlidir. Əlbəttə ki, bütün liderlik bacarıqlarına cavab verən şəxs daha məqsədə uyğundur, lakin daha motivasiyaedici, ruhlandırıcı, idarəedicidən çox yönləndirici, məsləhət verici birini seçirlər. Keçmişdən bu yana idarəedicilik istəyi daha çox artmışdır. Əvvəlki dövrdə insanlar daha idarəedilmə yönümlüydüsə də, hazırda daha çox inkişaf etmə və potensial idarəediciolma yönündədirlər. Liderlikdən bəhs edərkən üslublarını vurğulamamaq olmaz.
Liderliyin üslubları:
Əsasən liderlik ilə bağlı 3 liderlik üslubu müəyyənləşdirilib. Bunlar: demokratik, avtoritar və liberaldır.

Avtoritar. Belə liderlik üslubunun üstün cəhəti ondan ibarətdir ki, cəld qərar qəbulu tələb edən hallarda əməkdaşlarla məsləhətləşmədən qərar qəbul olunur. Mənfi cəhət isə ondan ibarətdir ki, işçilərin yaradıcılığına və motivasiyasına mənfi təsir göstərir.

Demokratik. Bu liderlik üslubunda komandanın digər üzvlərinə müəyyən imkan yaradılır, lakin son qərarı yenə də lider verir. Bu liderlik üslubunun mənfi cəhəti odur ki, qərar qəbulu prosesi uzun müddət davam edə bilər. Lakin belə idarəçilik üslubu innovativlik və yaradıcılığın mühüm əhəmiyyət daşıdığı qərar qəbulu prosesində səmərəlidir.

Liberal. Bu liderlik üslubu daha rahat idarəçilik üslubudur və liderin qərar qəbulu prosesinə təsiri minimuma endirilir. Burada qərar qəbulu prosesinə nəzarət tamamilə əməkdaşlara verilir. Bu zaman işçilər müstəqil olmaqla yanaşı, daha çox məsuliyyət daşıyırlar. Buna görə də təlimat və istiqamət almaqla daha məhsuldar çalışan şəxslərə bu idarəçilik üslubunun tətbiqi səmərəsiz olur.
Belə qərara gəlinib ki, ən səmərəli idarəçilik üslubu demokratik idarəçilikdir. Avtoritar idarəçilik üslubu inqilaba yol açır, liberal idarəçilik üslubunda isə əməkdaşlar işlərində ardıcıl olmurlar. Lakin demokratik idarəçilik heç də bütün hallarda uğurlu olmur. Biznesin məqsədlərindən, əməkdaşların bilik və bacarıqlarından asılı olaraq digər liderlik üslubları daha effektiv ola bilər.
Uğur pillələrini qalxan rəhbər, ilk pilləyə səni qaldıran liderdir
Liderlik haqqında danışarkən əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxarmaq olan beynəlxalq AIESEC təşkilatının liderliyin inkişafı modelini vurğulamasaq olmaz. Bu model bir liderin formalaşması üçün ən vacib dörd keyfiyyəti özündə cəmləşdirir: dünya vətəndaşlığı, özünü dərketmə, problemləri həll etmə və başqalarına təsir etmə gücü.

Dünya vətəndaşları yalnız öz ətrafında baş verənlərlə maraqlanmırlar, əksinə harada olmağından asılı olmayaraq istənilən problemin həllində məsuliyyət daşıdığını düşünür və bunun üçün çalışırlar. Onlar kiçik addımların belə dünyanı dəyişdirə biləcəyinə inanırlar. Başqa sözlə desək, dünya vətəndaşı üçün liderlik ən vacib keyfiyyətlərdən biridir, çünki liderlik həm də, dəyərlərini, mənfi və müsbət cəhətlərini və istəklərini yalnız özümüz və ya yaşadığımız yeri düşünmək əvəzinə Yer kürəsinin hamımızın evi olduğunu dərk etmək və onun üçün çalışmaqdır.

Özünü dərk etmək bir lider üçün ən vacib keyfiyyətlərdən biridir, çünki dəyərlərini, mənfi və müsbət cəhətlərini və istəklərini bilməyən insan bir hədəf müəyyənləşdirə və ona fokuslana bilməyəcək. Güclü və zəif cəhətlərimizi bilməliyik ki, hər hansı problemlə qarşılaşarkən tək başına edə bilərikmi yoxsa başqalarının köməyinə ehtiyacımızın olduğunu aydınlaşdıra bilək.

Lider problemlərin həllinə yönəlməli, yəni problem və çətinliklərlə qarşılaşdığı zaman dayanmamalı, çevik şəkildə necə irəliləyəcəyini düşünməli və hərəkətə keçməlidir. Çünki hədəfə gedən yolda müxtəlif maneələrlə üzləşəcəksiniz və həll yolu tapmaq isə heç də həmişə asan olmayacaq, ancaq siz situasiyanı düzgün analiz edib vaxtında reaksiya versəniz onu fürsətə çevirə bilərsiniz.

Yuxarıda özünüdərk etməyin nə qədər vacib olduğunu vurğulamışdıq. Ancaq yaxşı lider olmaq üçün təkcə bu bacarığa sahib olmaq kifayət deyil, siz həm də başqalarına təsir etməyi bacarmalı və onları vahid bir məqsəd ətrafında birləşdirə bilməlisiniz. Çünki nə qədər çox insan birləşsə, qarşıya qoyulmuş hədəfə çatmaq asanlaşar və daha tez bir zamanda dünyanı dəyişdirməyi bacararıq.
Əgər hərəkətləriniz başqalarına daha çox xəyal qurmağa, daha çox şey öyrənməyə, daha çox şey etməyə və daha çox olmağa ilham verirsə, siz lidersiniz.
Comments