Uğurlu karyera yolunda uğurlu müsahibə
- Azad Aliyev
- 20 Haz 2021
- 4 dakikada okunur

Karyera planlaşdırması, iş həyatında hədəflənən nöqtə üçün ən uyğun yolu müəyyənləşdirmə prosesidir. Bir çox insan karyera planlamasında əsas hədəfi pul qazanmaq olaraq görür.Yalnız pul mərkəzli seçilən peşələr böyük karyera səhvlərindən biridir. Karyera uğuru fərddən asılıdır. Maraq və istəklər başqa istiqamətdə olduğu üçün seçilmiş bu karyera yolunda irəliləmək çətin olur.
Ölkəmizdə gəncləri böyük əksəriyyəti karyera planlaşdırması barədə kifayət qədər məlumatlı deyillər.Lakin, bu planlaşdırma olduqca vacib və əhəmiyyətli bir addımdır. Ən çox qarşılaşılan karyera səhvlərindən biri peşə seçiminin düzgün olmamasıdır.Uşaq yaşlarından ailələrin övladları üçün bu mövzuda yönləndirmələri başlayır. Hər bir fərdin karyera planlaşdırma prosesi təcrübələrinə, maraqlarına, qabiliyyətlərinə və dəyərlərinə görə fərqlidir.
CV
Müsahibədən öncə sizin haqqınızda ilk təəsüratı CV-niz yaradır. CV-niz sizin keçmişiniz haqqında qısa tərcümeyi-hal rolunu oynayır. İş mühitinə ilk addım üçün tərcümeyi-halınız ( CV vəya Resume) insan resursları şöbəsində işləyənlərin diqqətini cəlb etməlidir.
● Qrammatik qaydalara riayət olunmalı, cümlələr lakonik olaraq seçilməlidir. CV-nizin tək yazı qaydasına deyil həmçinin vizual görünüşünə də diqqət yetirməlisiniz. Sadə lakin, professional CV hazırlayın. Bunun üçün hazır veb-saytlardan istifadə edə bilərsiniz. CV-nizdə ağ , göy, boz və onun çalarlarına üstünlük verin.
● Foto seçiminə də xüsusi diqqət etməyiniz tövsiyə olunur. Seçdiyiniz fotoşəkil qeyri-rəsmi olmamalıdır, mümkünsə vəsiqəlik tipli şəkil arzuolunandır.
● Şəxsi məlmatlarınızda sadəcə sizi əks etdirən əsas məqamları yazın(ailə vəziyyətiniz, bütün sosial şəbəkələrinizi qeyd etməyə ehtiyac yoxdur). Aktiv e-poçt ünvanı və əlaqə nömrəsi yazmağı unutmayın.
● Təhsil bölməsində isə indi təhsil aldığınız müəssidən başlayaraq ilk müəssisəyə doğru irəliləyin. Əgər ali təhsiliniz varsa, ixtisasınızı dəqiq qeyd edin.
● Qatıldığınız önəmli konfranslar, layihələr, seminarları və vacib sertifikatları da qeyd edin.
● Həmçinin iş və könüllük bölməsini də qeyd etməyi və detallı yazmağı unutmayın.
● Bacarıqlar bölümünü individual şəkildə yazın. Lakin, yumşaq (soft skills) bacarıqlar, texniki bacarıqlar, dil bacarıqlarını əsas qeyd edin. Burada həm də maraqlandığınız olduğunuz qeyri-ixtisas sahələrini də yaza bilərsiniz.
Bunlardan əlavə, CV-də bacarıqlarınızı tam və düzgün ifadə etməyiniz də əsas diqqət edilməli olan məqamlardan biridir.
CV göndərmək qaydası
Öz CV-nizi “Ad və Soyadınız-CV” olaraq göndərməlisiniz.CV-nizi göndərəcəyiniz e-poçt ünvanı kiçik detala bənzəsə də vacibdir. Ona görə də, e-poçt ünvanı yaradarkən ad və soyadınız aydın əks olunmalıdır. Məktubu göndərərkən mövzu hissəsi boş qoyulmamalı, iş elanında qeyd olunan vəzifənin adı yazılmalıdır.
Müsahibə

Müsahibə mahiyyət etibarilə bir tərəfin sual verdiyi, digər tərəfin isə cavab verdiyi bir görüşdür. Müsahibənin təkcə namizədi tanımaq üçün keçirildiyini düşünmək yanlış bir fikirdir. Əsas məqsəd hər iki tərəfin bir-birləri haqqında təəssüratlarının yaranmasıdır. Müsahibə götürənin sual verməkdə məqsədi işçinin şəxsi keyfiyyətləri, bacarıq və qabiliyyətləri, gözləntiləri və.s haqqında məlumat əldə etməkdir.
Bir müsahibə zamanı dedikləriniz və etdiyiniz işlər ya sizi iş üçün növbəti baxış mərhələsinə aparacaq, ya da müsabiqədən kənarlaşdıracaq.İş görüşməsi zamanı yaxşı nəticə əldə etmək,güclü və müsbət təsir bağışlamaq üçün sadəcə müsahibədə iştirak etməkdən daha çox şey etməlisiniz.
Müsahibəyə hazırlıq
Bu mərhələ xüsusi hazırlıq tələb edir. İlk adddım olaraq özünüzü mental olaraq hazırlamağınızdır. Həyəcanı bir kənara qoyub, peşəkar şəkildə hazırlaşmalısınız. İlk öncə getdiyiniz pozisiya haqqında məlumat toplamalısınız. Mütləq bununla bağlı suallar veriləcək. Daha sonra isə şirkətin tarixi, hal-hazırki iş sektorunda yerini araşdırmalısınız. İnsan Resursları üzrə mütəxəssis sizin onlar haqqında məlumatlı olduğunuzdan əmin olmaq istəyəcək.
● Suallara cavab verərkən tərəddüd etmədən sakit və fokuslu görünməyə çalışın. Bu, müsahibinizdə xoş təəssürat yaratmağa kömək edəcəkdir.
● Müsahibə günü çalışın məkana müəyyən qədər tez gedin. Bu həm yerə adaptasiya olmağınıza kömək edəcək,həm də həyəcanınız azalacaq. Otağa daxil olarkən həyəcanınızı gizlədin, ən əsası bədən dilinizi idarə edin.
● Geyiminizə diqqət yetirin. Çox sport, neon rənglər və çox soyuq rənglər seçməyin.Bu ilk görüşdən yaxşı təəssürat yaratmır. Görünüşünüz və müsahibə zamanı özünü necə aparmağınız da vacibdir. Bir görüşmədə saqqız çeynəyirsinizsə və ya qəhvə içirsinizsə,bu sizi bir addım geri atacaq. Çox ətir və ya kifayət qədər dezodorant da kömək edə bilməz.
● Müsahibə zamanı danışığımıza da diqqət etməliyik. Qeyri-etik ifadələrdən, jarqonlardan istifadə etmək, qarşındakı insana sən deyə müraciət etmək, qeyri-rəsmi danışmaq uğursuzluq yarada bilər. Bundan əlavə, danışarkən yerə, masaya və ya başqa istiqamətə baxmayın və ən əsası, qərarlı, dəqiq cümlələr qurun.
● İş görüşməsi zamanı telefonunuza zəng gəlməsi işə düzəlmə şansınızı azaldacaqdır.İş adamlarının bir-neçə dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, bu hal onun fikrindən daşınmasına səbəb ola bilər. Müsahibədən əvvəl telefonunuzu səssizə ala bilərsiniz. Müsahibə zamanı vaxta baxmaq, həmçinin telefonunuza zəng gəməsi hörmətsizlik sayıla bilər.
● Peşəkar insanlar danışdıqları zaman sadəcə sözlərdən deyil, eyni zamanda bədən dilindən də istifadə edirlər. Çünki, bədən dili ünsiyyət zamanı verilən mesajın çatdırılmsı baxımından sözlərdən daha çox effektiv olur. Bu səbəbdən də, müsahibədən əvvəl bədən dili hərəkətlərini və səs tonunuzu məşq edin.
● Özünüzü məhsul kimi düşünün və özünüzü satmağa hazır olun. Bunu effektiv şəkildə həyata keçirmək üçün niyə işə uyğun olduğunuzu bölüşməyi bacarmalısınız. Kvalifikasiyalarınıza dair sualları necə cavablandıracağınıza baxın.
● Müsahibədən ayrılmadan əvvəl, vaxt ayırdığı üçün və vəzifəyə görə sizi düşündüyü üçün müsahibə verdiyiniz şəxsə təşəkkür etdiyinizə əmin olun.

Sonra vəzifəyə olan marağınızı və düşündüyünüz üçün təşəkkürlərinizi təkrarlayan bir e-poçt mesajı və ya təşəkkür məktubu göndərə bilərsiniz.
Müsahibə yalnız bir görüş ilə məhdudlaşmır. İşə qəbul qərarı verəcək şəxsin qiymətləndirmə prosesi ərizəni görən kimi başlayır, CV və cavab məktubunun qiymətləndirilməsi ilə davam edir. Bu proses yalnız müqaviləni imzaladığınız gün bitir. Bu səbəbdən prosesin hər mərhələsində diqqətli olmaq faydalıdır. Müraciət mərhələsindən müqavilə imzalandığı günə qədər hər münasibətinizə diqqət yetirməlisiniz. Sonda isə, unutmayın ki, bu sizin son şansınız deyil. Bu pozisiyaya qəbul olmasanız belə, qarşınıza bir çox seçimlər çıxacaqdır.
コメント