top of page

Yeni təcrübə, yeni mən

  • Azad Aliyev
  • 28 Mar 2021
  • 4 dakikada okunur

Güncelleme tarihi: 1 Nis 2021

Tinatin Həsənova xarici ölkədə yaşadığı təcrübəni və təəssüratlarını sizlərlə bölüşür:




Amerikaya gedən yol:

Mən Tinatin Həsənova Bakı Dövlət Universiteti Turizm və otelçilik ixtisasında 4-cü kurs tələbəsiyəm. Təhsilim üçün Amerikaya getməzdən əvvəl ailəm ilə Gəncə şəhərində yaşayırdım. Məktəbi bitirdikdən sonra universitetə qəbul oldum, lakin 1 illik akademik məzuniyyət götürüb təcrübə proqramı vasitəsi ilə Amerikaya getməyi qərara aldım.

Seçilmək üçün ingilis dilini orta səviyyədə bilmək kifayət edirdi. Əsas məsələ bizim başqa ölkədə müstəqil yaşaya bilib-bilməməyimiz idi. Aldığım qərarı ailəm ilə bölüşdüm və ilk başlarda onlardan istədiyim kimi ciddi bir reaksiya ala bilmədim. Bunun səbəbi isə ailəmin onlara inanmamasında idi. Valideynlərimə kiminsə onların övladlarını təmənnasız Amerikaya təhsilə yollaması şübhəli gəlirdi. Amma, sonralar ailəm bu qərarıma hörmətlə yanaşdı və mənə dəstək olmağa başladılar. Mən sıra ilə mərhələləri keçməyə başladım. Təbii ki, bu hamını təəccübləndirirdi. İlk öncə birinci mərhələni və daha sonra ikinci mərhələni keçdim. Hər şey düşündüyüm kimi oldu və mən son mərhələni də müvəfəqiyyətlə başa vurub finalçı olmağa haqq qazandım. Ailəmin dəstəyini hər zaman hiss edirdim. Bu uğurumu da xoş qarşıladılar və mənə dəstək oldular.


Amerikalıların həyat tərzi və ilkin təəssüratlar:

Amerikaya yerləşdikdən sonra isə tamamən yeni bir mühitlə qarşı-qarşıya idim. Bu yeni mühit sanki insanı problemlərə fərqli baxış açısından yanaşmağa vadar edir. Ən əsası isə səndə yeni dünyagörüş formalaşdırır. Buradakı hər şey çox fərqli idi. Ən maraqlısı isə insanların hobbiləri idi. Kiçikdən böyüyə mütləq hər kəsin bir hobbisi və maraq dairəsi var idi. Məktəblər, məktəblərdəki düşüncə tərzi belə fərqli idi. Mən balaca bir qəsəbəyə yerləşdirildim. Ümumiyyətlə, böyük şəhərlərin böyük problemləri və böyük təhlükələri olur. Məhz bu səbəbdən təcrübə proqramının finalistlərini bu cür şəhərlərdə deyil, daha çox kiçik qəsəbələrdə yerləşdirməyə üstünlük verirlər. Ona görə, mən də kiçik bir şəhərdə məskunlaşmalı oldum. Bura elə bir yer idi ki, yaxınlıqda yaşayan qonşu belə tapa bilməzsiniz. Məktəbə getmək üçün isə avtomobil ilə təxminən 20 dəqiqəlik yol getmək məcburiyyətində qalırsınız. Çox balaca və şəhər mərkəzindən qismən uzaqda yerləşən qəsəbə olsa belə, sizdə xoş xatirələr buraxacağından əmin ola bilərsiniz. Burada təhsil aldığım müddətdə ev sahibliyi edən bir ailə ilə yaşadım.

Ümumilikdə, 3 şəxs mənə ev sahibliyi etmişdi. Sizə isə sonuncusundan bəhs etmək istərdim. Bu ev sahibim 78 yaşı olmasına baxmayaraq həm çox gümrah biri olması ilə, həm də öz hobbiləri və maraqları olan gənc ruhlu bir qadın kimi sözün əsl mənasında məni heyran etmişdi. Təhsil müddətinin verdiyi ən böyük üstünlüklərdən biri təbii ki, getdiyin yerin məşhur yerlərini kəşf etməkdir. Mənə yaşım ilə əlaqədar tək çıxmaq icazəsi yox idi, lakin ev sahibliyimi edən ailənin dəstəyi ilə bu əyləncədən də geri qalmırdım. Amerikada yaşadığım müddətcə 8 ştatı gəzmək şansım oldu. Aralarında ən sevdiyim və ən çox yadda qalanı Nyu-York ştatı oldu. Mənim üçün Amerikanı təsvir edən məşhur yerlərdən biri olan Nyu-Yorkun çoxlu məşhur küçələri var idi. Tayms-skver küçəsi daha xoş təəssürat buraxdı. Ümumilikdə, bu şəhərə valeh oldum və ilk fürsətdə yenidən bu şəhərə baş çəkməyi planlaşdırıram.


Yaşam xərcləri:

Təbii ki, bu ölkədə məni qane etməyən bir neçə faktor da var idi. Yaşam şərtləri çox bahalı idi. Sadə alış-veriş mərkəzlərinin qiymətləri belə bizə verilən məbləğ ilə müqayisədə çok yüksək idi. Gündəlik tələb olunan miqdarın 5$ olduğunu nəzərə alsaq, təəssüf ki, hər ay proqram tərəfindən verilən 125$ yetərli deyildi və ümumi xərcləri qarşılamaqda çətinliklər yaradırdı. Bəzən baş çəkmək istədiyim yerlərin və digər şəxsi maraqlarımın xərclərini ödəməyə belə pulum kifayət etmirdi. Bu cür məqamlarda isə yenə ev sahibliyi edən ailəm köməyimə yetişirdi. Ailəm bu məsələdə bir yerdə nahar etdiyimiz restoranda hesabı ödəyərək, yaxud məktəb üçün tələb olunan ləvazimatları öz hesablarına alaraq mənə çox dəstək oldu.


Amerikadakı təhsil sistemi:

İlk vaxtlar dərslər ilə bağlı bəzi çətinliklər qaçılmaz olur. Yeni ölkəyə yerləşdiyimi, yeni mühitə uyğunlaşmağa çalışdığım üçün bəzən diqqət dağınıqlığı yaşayır və yorulurdum. Yollarını və dilini mükəmməl bilmədyiniz bir ölkədə bütün bunların öhdəsindən gəlmək bəzən mənə çox çətin gəlirdi. Dərslərə yaxşı bələd olmadığım üçün qulaq asmaq əvvəllər çox yorucu gəlirdisə də, sonralar hər şey öz yolunda getməyə başladı. Çünki, zamanla yeni mühitə alışmağı bacarmış və dərslərin əsas məğzini tutmağı öyrənmişdim. Dərslər yüksək keyfiyyətlə tədris olunurdu. Kimya dərsində laboratoriyalar üçün, idman zallarında isə idman ləvazimatları üçün hər şey tam idi və kifayət qədər avadanlıq tapmaq mümkün idi.

Dərslər Azərbaycan təhsil sistemi ilə müqayisədə çox sadə idi.

Əminliklə deyə bilərəm ki, Amerikada tədris olunan 11-ci sinif üçün riyaziyyat proqramı Azərbaycanın 7-ci və 8-ci sinif riyaziyyat proqramları səviyyəsində idi. Amerikanın məktəbləri ilə yerli məktəblərimiz arasındakı daha bir fərq isə verilən ev tapşırıqları ilə bağlı idi. Amerikadakı təhsil sistemi sizə ev üçün daha az tapşırıq verməyi üstün tutur, əsas biliklərinizi isə məktəbdə dərs saatları ərzində almağınızı təmin edir. Beləcə mən evə qayıtdığım zaman özüm üçün kifayət qədər asudə vaxt qazanmış olurdum.


Bu təcrübə sizə nə qazandırdı:

Xaricdə oxumağın müsbət cəhətləri kimi deyə bilərəm ki, burada mən daha çox müstəqil yaşamağı öyrəndim. Təəssüflər olsun ki, ölkəmizdə bu halın əksi ilə qarşılaşırıq, hətta bəzən qərarlarımızı belə valideyinlərimiz verir. Amma, Amerikada hər kəs kiçik yaşlarından tək yaşamağa öyrədilir. Orada yaşadığı müddətcə özümü bir şəxsiyyət kimi formalaşdırmağı öyrəndim və özümdə tək yaşayıb tək qərarlar verməyə güc tapdım. Xaricdə təhsilin mənfi cəhəti isə bəzən yerli insanları başa düşməməyin və ara-sıra da həmin insanlar tərəfindən xoş qarşılanmamağındır. Məsələn, bu müddət ərzində məktəbdə ayrı-seçkilik ilə qarşılaşmağınız gözlənilməyən deyil.



Vətənə qayıtdıqdan sonrakı təəssüratlar:

Təhsil müddəti bitdikdən sonra Azərbaycana geri qayıtdığım gün ailəmi və dostlarımı gördüyüm üçün çox sevinirdim və xoşbəxt idim. Daha sonra isə bəzi problemlər ortaya çıxdı. Çünki, mənim üçün Amerika kimi qadın azadlığını dəstəkləyən bir cəmiyyətdən Gəncə kimi mühafizəkar bir cəmiyyətə qayıtmaq və yenidən uyğunlaşmaq heç də asan deyildi. Amerikadakı həyat tərzinə öyrəşdiyim üçün bu fərqliliklər məndə bəzi mənfi təsirlər buraxdı.


Gənclərə tövsiyələr:

Bütün bu təcrübələrin sonunda isə hər kəsə Amerikaya getməyi tövsiyə edərdim. Çünki, Amerika fikirlərin və həyata baxış bucağının dəyişdirilməsi üçün ən unikal məkandır. Geri qayıtdıqdan sonra özümdə də yeni bir şəxsiyyət kimi formalaşdığımı müşahidə etdim. Buna görə də, məncə, hər bir tələbə bu təcrübəni yaşamalıdır.





 
 
 

1 commentaire


candella Adalfieri
candella Adalfieri
05 mai 2021

Olduqca maraqlı və məlamatlandırıcı idi. Əziyyəti keçən hər kəsə təşəkkürlər :)


J'aime

Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page