top of page

Yerli könüllülük: Solmaz İsgəndərlinin AIESEC təcrübəsi

  • Azad Aliyev
  • 19 May 2021
  • 3 dakikada okunur

Güncelleme tarihi: 24 Eki 2021

Hər şey necə başladı:

Mən AIESEC-ə müraciət edəndə başqa könüllülük təşkilatlarında fəaliyyət göstərmirdim. Bir gün “Facebook”da qarşıma AIESEC Azərbaycanın üzv qəbulu elanı çıxdı. O zamanlar tanışlarım arasında AIESEC üzvü olmadığı üçün təşkilat haqqında məlumatsız idim. Bir qədər internetdə araşdırdıqdan sonra onun dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatı olduğunu öyrəndim. Bundan sonra dostumla müraciət etmək qərarına gəldik. Seçim prosesi üç mərhələdə aparılırdı. Birinci mərhələdə bizdən qeydiyyat formunu doldurmaq tələb olunurdu. Bu mərhələni uğurla başa vurduqdan sonra müsahibəyə dəvət aldıq. Müsahibəni keçdikdən sonra “Induction” mərhələsində iştirak etdik. Bu mərhələdə digər namizədlərlə birgə müxtəlif tapşırıqları yerinə yetirdik. Burada əsas məqsəd bizim komanda ilə işləmə və təqdimat bacarıqlarımızı qiymətləndirmək idi.




Mənim AIESEC Yolum:

Seçim mərhələlərini uğurla başa vurduqdan sonra 2018-ci ilin yanvar ayında üzvlüyə qəbulum haqqında e-mail aldım. AIESEC fəaliyyətimə oGV(Outgoing Global Volunteer) komandasının üzvü olaraq başladım. Təşkilat tərəfindən üzvlərin istər iş, istərsə də şəxsi inkişafı üçün NatCo (National Conference - Milli Konfrans) təşkil olunsa da, iştirak edə bilməmişdim. Elə buna görə də, ilk vaxtlar bəzi çətinlikər yaşayırdım. Gələcəkdə üzv olmaq istəyən gənclərə bu konfransda iştirak etməyi şiddətlə tövsiyə edirəm. Daha sonra LCVP TM (Local Committee Vice President Talent Management) pozisiyasına müraciət etdim və seçildim.

Burada əsas vəzifəm üzvlərlə işləmək idi və beləcə İnsan Resursları sahəsində də yeni bacarıqlar qazanmış oldum. Bu fəaliyyət müddətini başa vurduqdan sonra düşündüm ki, hələ AIESEC yoluma davam etməliyəm və hələ çox şey əldə edə bilərəm. Buna görə də ikinci dəfə LCVP olmaq üçün qeydiyyatdan keçdim. O zamanlar Marketinq sahəsinə marağım olduğu üçün AIESEC-ə bu sahədə çox şey qata biləcəyimi düşünürdüm. LCVP Marketing olaraq çoxlu təcrübə qazandığımı düşünürəm hətta həmin dövrdə Avstriyada 6 həftəlik Qlobal Könüllük (Global Volunteer) proqramında iştirak etmişdim. AIESEC-in əsl məqsədini başa düşməkdə qlobal könüllü olmaq mənə çox kömək oldu. Xaricdə yaşadığım bu unudulmaz təcrübə məni davam etməyə vadar etdi və mən LCP (Local Committee President) pozisiyasına müraciət edərək seçildim.



Ən unudulmaz anlar:

Keçən ilin mart ayında Türkiyədə keçirilən “Euroxpro” adlı beynəlxalq konfransda iştirak etdik. Ancaq, təəssüf ki, konfrans 3-cü gün ləğv olundu, çünki koronavirus pandemiyası yayılmağa doğru gedirdi və sərhədlər artıq bağlanmağa başlamışdı. Konfransın dördüncü günü öyrəndik ki, Azərbaycanla sərhədlər həmin axşam bağlanır və biz də narahat olmağa başladıq. Ancaq həmin vəziyyətdə belə çalışdıq ki, bir-birimizə dəstək olaq və mümkün qədər əylənək. Bundan əlavə, NatCo-da LC (Local Committee) üzvləri ilə birlikdə keçirdiyimiz günlər unudulmaz idi. Pandemiyaya görə NatCo-nu online keçirməli olmağımıza baxmayaraq, maraqlı etməyə çalışdıq və düşünürəm ki, biz bunu bacardıq.


Ən çətin anlar:

Hələ pandemiyanın ilk günlərində bundan sonrasının necə olacağını düşünürdüm. Çünki yaxşı başa düşürdüm ki, pandemiyaya görə artıq layihələri həyata keçirə bilməyəcəyik. Bütün qurduğumuz planları ləğv etməli və yeni, pandemiya şəraitinə uyğun yollar fikirləşməli idik. Ən çətin an isə bir müddətlik yeni üzv qeydiyyatının olmayacağı xəbərini AIESEC-ə müraciət etmək istəyən kütləyə çatdırmaq idi. Sonda biz bütün bu çətinliklərin öhdəsindən gəldik və anladım ki, təcrübənin pisi və ya yaxşısı olmur. İstənilən vəziyyətdə yeni nələrsə öyrənmək mümkündür.


Nələr qazandım:

Bu təşkilata qoşularaq özümü daha da yaxından tanımağa başladım. Əvvəllər utancaq biri idim, auditoriya qarşısında danışmaq qabiliyyətim yox idi. Zamanla tanıdığım insanların sayı artdı və artıq yeni insanlarla tanış olmağa, söhbətə başlamağa çəkinmirdim. Burada fəaliyyət göstərdikcə hiss edirdim ki, məndə inkişaf var. Bu özünü istər liderlik, istərsə də dil bacarıqlarımın inkişafında göstərirdi. AIESEC komanda işini yüksək səviyyədə mənimsəməmdə, fərqli xarakterlərə malik insanlarla necə işləmək lazım olduğunu öyrənməyimdə böyük rol oynadı. Hətta “Erasmus+”proqramının təşkil etdiyi konfransa seçilən az saylı gənclərdən biri olmağımın səbəbi də AIESEC-də qazandığım təcrübə idi. Çünki bir gəncin bilməli olduğu çox şeydən artıq xəbərim var idi.


Hər gəncin buranın adını eşidərkən ilk düşündüyü “AIESEC-də könüllü çalışaraq nə əldə edə bilərəm?” sualıdır. Bildirmək istəyirəm ki, AIESEC-də fəaliyyət göstərmiş gənclərin çoxu hal-hazırda bir sıra məhşur yerli və xarici şirkətlərdə işləyirlər. Buna səbəb onların AIESEC-də peşəkar iş mühiti ilə tanış olması, komandada işləmə bacarığına yiyələnməsi, həm texniki (hard skill), həm də qeyri-texniki (soft skill) bacarıqlarını inkişaf etdirməsidir.




Yerli vs qlobal könüllülük:

Həm yerli, həm də qlobal könüllü olmağın vacib olduğuna inanıram. Çünki birində qazandığınız təcrübə digərinə də müsbət təsir edəcək. Məsələn, əgər kiminsə yerli könüllülük təcrübəsi varsa, xaricdə daha rahat könüllü olar. Əks halda, xaricdə qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək nisbətən çətin ola bilər. Ancaq belə hallarda qətiyyən qorxmamalı və həll yolları fikirləşmək lazımdır. Digər tərəfdən, xaricdə könüllü olmaq insanın özgüvənini artırır və Azərbaycana qayıtdıqda istənilən situasiyanın öhdəsindən gəlməkdə sizə kömək edir.


Gənclərə tövsiyələr:

AIESEC beynəlxalq təşkilat olduğu üçün gənclərə istər Azərbaycanda, istərsə də xaricdə sonsuz sayda imkanlar yaradır. Tövsiyə edərdim ki, bu imkanlardan maksimum yararlanmağa çalışsınlar. Üzv olduqları müddət ərzində yalnız bir sahəyə fokuslanmaq əvəzinə, müxtəlif sahələrdə özlərini yoxlasınlar. Beləcə, özlərini kəşf edib güclü və zəif tərəflərini öyrənəcəklər.

Ən əsası isə:


Həyatlarında dəyişiklik etməkdən qorxmasınlar, çünki insan ancaq özünü dəyişdikdən sonra digərlərini də dəyişə və onlara müsbət təsir göstərə bilər.


Elə indi sən də AIESEC Azərbaycanda üzv ol və bu unudulmaz təcrübəni yaşa!

 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page